Köhnə kişi
Təzələr içində təzədən təzə, Köhnələr içində köhnə kişiydi. Uca şəxsiyyəti, əsərləriylə Tamaşa kişiydi, səhnə kişiydi.
Bahar sularıtək axırdı dili, Çəmən qucağında çeşmə kimiydi. Nəsrin şeiriyyəti Valeh dilində, Bayatı kimiydi, qoşma kimiydi.
Fikrə, düşüncəyə, zehnə, yaddaşa, Əlvan naxışları vurdu yaşadı. Büllur saraylara tamah salmadı, Könül sarayları qurdu yaşadı.
Onun əsərləri taleyimizdi, Hey bizdən danışdı, hey bizdən dedi. Kamran Borçalıdan söhbət açandı, Şeyx Xiyabani Təbrizdən dedi.
Onun qələmində tariximiz də, Tarixi ən kəskin ittiham da var. Möhtəşəm hökmdar ucalığı da, Məhv olmuş gündəlik, sönən şam da var.
Saçı zirvələrin qarına döndü, Sarvantək daşıdı karvan dərdləri. Onun qələmiylə dindi, danışdı Qarabağ, Borçalı, Şirvan dərdləri.
Enişli-yoxuşlu həyat yolunda Neçə dərə keçib, neçə dağ çıxıb. Zaman sınağından təmiz, ləkəsiz, Sənət sınağından üzüağ çıxıb.
Təzələr içində təzədən təzə, Köhnələr içində köhnə kişiydi. Uca şəxsiyyəti, əsərləriylə, Tamaşa kişiydi, səhnə kişiydi.