Əsas məzmuna keç

Heca şeiri

Kitabım

Zəlimxan Yaqub

1

Kitablar kitabı vermişəm sənə, Çəkinmə, ürəklə aç kitabımı. Sandıqda saxlama, hücrəyə qoyma, Duyan könüllərə saç kitabımı.

Başa düş, dərk eylə, divanə keçmə, Gör necə alışır pərvanə, keçmə. Bir sətrin yanından biganə keçmə, Oxu kəlmə-kəlmə, keç kitabımı.

Sağlam bir düşüncə, saf fikir olar, Oxuyan çevrilər ocaq, pir olar. Mənim dediklərim mində bir olar, Min kitab içində seç kitabımı.

Bir incə mətləbdi, bir köklü sazdı, Bir şair qələmi yazdıqca yazdı. Onu kitab kimi oxumaq azdı, Çeşmə sularıtək iç kitabımı.

2010, 13 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.