Əsas məzmuna keç

Heca şeiri

Kitab dükanında

Zəlimxan Yaqub

1

Kitab dükanında durduq üz-üzə, Mən kitabsatanam, o kitab alan. Dedim öz-özümə: bütün gözəllər, Bu qızın yanında yalandı, yalan.

Gözüm gözəlliyi elə tutdu ki, Bircə söz deməyi dilim tutmadı. Dediyi kitabı vermək istədim, Qəlbim can atdısa, əlim tutmadı.

Baxışım dikildi baxışlarına, Danışan dilim yox, gözlərim oldu. Eh, mənim lallığım nələr demədi, Nə qədər mənalı sözlərim oldu.

Aldı kitabını, pozdu sükutu, Şeir çəmənindən çiçək apardı. Yox! Yox! Apardığı çiçək olmadı, Sinəmdən söz dolu ürək apardı.

Rəngimdən, ruhumdan məni duysa da, Özünü o yerə qoymadı, getdi! Gözəllik həmişə əldən çıxandı, Gözüm gözlərindən doymadı, getdi.

1973, 11-15 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.