Əsas məzmuna keç

Qəsidə

Kimin ki, qəlb lövhindən təəllüq nəqşi zayildir

Məhəmməd Füzuli

1

Kimin ki, qəlb lövhindən təəllüq nəqşi zayildir, O qəlb ayinəsi dostun xəyaliylə müqabildir.

Deyildir bir-birindən ayrı mətlub ilə talib, leyk, Təəllüq onların görmək yolunda təkcə hayildir.

Bu yolda naümidlik ehtimalı yoxdur, əlbəttə, O kəs ki, naümiddir, həqqi axtarmaqda kahildir.

Bizik mane’ ki, pərvaz etməmişdir ruhumuz ərşə, Bu ülvi maddə yoxsa daima əslinə mayildir.

Əzab təklifini cismə edərlərsə, bizik bais, Xudanın rəhməti yoxsa bütün məxluqə şamildir,

Edərsə tərki-can, bişək yetər cananinə aşiq, Vüsal istərsən, ol fani ki, fani vəslə naildir.

Bu varlıq silkinə daxil deyil bir fərd bihudə, Əbəs bir fe’lə iqdam etməmiş ol kəs ki, faildir,

Hünərsiz sə’y edər daim ki, hər kəsdə eyib tapsın, Özündə yüz eyib var, görməyir, əzbəs ki, cahildir.

Həqiqət sirrini dərk etməyə çün əqlə yol yoxdur, O kəs ki, əl çəkər böylə tərəddüddən, bil aqildir.

Əbəsdir gərçi hər bir naqisə kamil adı vermək, O naqis ki, bilər nöqsanini bir növ’i kamildir.

Mənə, bir kimsə yox kim, rəsmi-ürfandan xəbər versin, Bu məclisdə kimə baxdımsa, gördüm əqli zayildir.

Bu müşkül yolda çatdırmaz bizi sərmənzilə bir kəs, Məgər yardım edər ol şah kim, həllali-müşkildir.

Ona ya bəndə, ya mə’bud söylə, məncə fərq etməz, Onun şə’nində hər cür vəsfə zati-paki qabildir.

Səxavətdə bir ümmandır ki, sığmaz külli-afaqə, Kül ol başə ki, bu ümman ara mə’vasi sahildir.

Odur çün şər’i-həqqi eyləmişdir hər kəsə sabit, Şəriətindən səvay aləmdə hər din varsa, batildir.

Üzük bəxş eyləmişsə sailə ol şəh nəmaz üstə, Əlində əhli-həqqin hər nə varsa nəzri-sayildir.

Məzarini ziyarət hər səvab işdən müqəddəmdir, Behiştdir əcri ol şəxsin ki, bu amalə amildir.

Çatırdı nisbəti Harunə Musanın nübüvvətlə, Bu nüktə barəsində xaliqin fərmanı nazildir.

Demiş Əhməd ki, Heydərdir mənə Musanın Harunu Bu doğru fikri hər yerdə həqiqət əhli naqildir.

Əli haqqında Əhməd söyləmişsə “ləhmikə ləhmi”, Bu mə’nadə Peyğəmbər ittihad əmrinə qayildir.

Əlinin mehridir elm ilə fəzl əvvəl də, axir də, Bu mehr olmazsa, elmü fəzlidən xəlqə nə hasildir?

Bəşərdir xilqətən, əmma mələkdən qədri alidir, Demə tə’yin edən qədrü məqami ab ilə gildir.

Güman etmə Əlinin düşməni tərki-nifaq etsin, Zəhər dərmani bilmə o şeyi kim, zəhri-qatildir.

Əli hübbi qədər yüksək fəzilət yoxdur aləmdə, Füzuli tək kimin bir böylə fəzli olsa, fazildir.

Necə şükr etməyim Allahə mən kim, şahi-mərdanın Mənə ömrüm boyunca dərgəhi-valasi mənzildir.

Qorunmaqçün Nəcəf dəryası tək bir sahilim vardır, Nə qəm kim, hadisə dəryasinin girdabi hayildir.

Ilahi, hər qədər dünya durar dövran dövr eylər, O dərgəhdə məni sabitqədəm qıl, qədrimi bildir.

* * *

Lüğət: Mətlub – tələb olunan, istənilən şey; Talib – tələb edən; rəğbət göstərən, istəyən; Pərva – qorxu, kömək; Can – ruh, bədən; Fərd – tək; Bəndə – qul, kölə; Fərq – baş; Qabil – qabiliyyətli, ağıllı; Ümman – böyük dəniz; dərya; Ara – bəzəyən; Əhli – raz – sirr əhli, sirdaş; Müqəddəm – irəlicədən, əvvəlcədən; Nüktə – dərin mənalı söz; Naqil – nağıl edən, söyləyən; keçirən; Ləhm – ət; Qədr – dəyər, qiymət, məziyyət; Vala – yüksək, uca

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.