Kimi
Dəli Alı bir sədd açıb Şah Abbas dövranı kimi;
Yanında yoldaşları var Azərbaycan xanı kimi; Zeynalabdın bəy bəzənib, Misirin sultanı kimi; Hər yana kağız dağıldı, Süleyman fərmanı kimi; Yetmiş iki millət gəldi, Ərəsət divanı kimi.
Neçə çinovniklər gəldi, Çox ağır keçdi yığnağı; Bir yanı Qanıq, Qavrı,* Bir yanı Qoşqarın dağı; Aləm çıraqban göründü, Xoddandı çehil çırağı; Şəmkirdən düyü çəkildi, Sarıyaldan** gəldi yağı, Hər yana qəflə işlədi, Xotkar bəzirganı kimi.
Günün günorta vaxtında Gəldi Alının dəstəsi; Hər birisi bir iyiddi, Bir qoşunun sərkərdəsi; Gördüm asmana dayandı "Öldürrəm", "öldürrəm" səsi; Yaponiyadan tüfəng gəlib, Yeddi ağac vurur gülləsi;
Zərbindən dağlar titrəyir, Bərqin dirəxşanı kimi.
İyidliyin səbəbinə Ona deyirlər "Dəli Alı"; Şücaətdə Qəhrəmandı, Loğmana bənzər kamalı; Barilahim, irəhm eylə, Pozulmasın bu cəlalı; Bir sərkarda camışı var, Üç sərkarda qoyun-malı; Mehtərdə qırx atın gördüm, Cəlalın türkmanı kimi.
Alı kimi iyid yoxdu, Onu tək doğub anası; Süzən əldə, ətək beldə, Var iyidlik nişanası; Vallahül-əzim, belədi, Açıq, sözün mərdanası; On beş gün şülən çəkildi, İşlədi aşbazxanası; Erkək yan-yana kəsildi, Minanın qurbanı kimi.
Alı məclisə gələndə, Mətəl qaldım işlərinə; Atanın sərdar oğludu, Sərim qurbandı sərinə; Səxavətdə əla gördüm, Yazdım Hatəm dəftərinə; Şabaşa beşlik qızıllar İşlədi qəpik yerinə; Neçə mücrülər açıldı, Sərrafın dükanı kimi.
İyidlikdə yox əvəzi, "Afərin!" dedim Aslana; Dağıstan formu geyinib, Təmkini qızılbaşyana; Süzən tüfəng cingildəyir, Patronu səyrişir qana; Koroğlu tək nərə çəkir, Coşub girəndə meydana; Tüf dağıdır, ordu pozur, Qüdrətin aslanı kimi.
Ata-baba iyiddilər, Bəynmişəm əsli-zatın; Doğruluğun səbəbinə Mövlam veribdi baratın; Əli kəmərbəsdəsidi, Cəm eyləyib hər büsatın; Fürsəti düşmənə verməz, Əldən qoymaz ehtiyatın; Kəpəzdə ovun gözləyir, Alvızın* tərlanı kimi.
Cəfər ağa bir iyiddi Girəndə meydan içinə; Yalavıyr şimşək kimi, Bələnir al-qan içinə; Zərrəcə gəlməz eyninə Düşsə yüz düşman içinə; İsgəndər tək səddi çıxıb Yeddi Dağısan içinə; Şəninə dastan yazıram Rüstəmin dastanı kimi.
İçlərində bir seyid var, Onlara rəhbər kimidi; O ki Məşəd Məhəmməddi, Bir nər oğul nər kimidi; Qızılhacılı Allahverdi Maliki-Əjdər kimidi; Min yaşasın İsmayılı, Nərəsi Heydər kimidi; Xaşbulaqda meydan açdı Koroğlu meydanı kimi.
Beş min manat nağd yığıldı, Dalda qalanın bilmədim; Yüz erkək - öyəc kəsildi, Toğlunun sanın bilmədim; Xərcindən bərxurd olmadım, Nəfin, ziyanın bilmədim; Nisəyə qalan xələtlərin Doğru-yalanın bilmədim; Nağdıdan mətləbim verdi Kişi kərəm kanı kimi.
Biçarə Aşıq Ələsgər, Gəldin, getdin hər nə isə; Haqq səni sərraf yaradıb, Qiymət qoy yaxşıya, pisə; Tat oğlu, Bala Məşədi - Onlar gələndə məclisə Hamıdan çox pul verdilər, Qızıl ilə dolu kisə; Aşıqlar güzəran tapdı, Bəylər güzəranı kimi.