Kimi
Adı Tərlan, özü tərlan balası, Cilvələnib tərlan tavarı kimi. Üzün görən xəstə düşər müttəsil, Turuncun növrəstə nobarı kimi.
Qabaq ayna - çəkilibdi varağa, Dodaq qaymaq, gül yapışıb yanağa, Dolanır gözləri canlar almağa, Şölə salır xanlıq fanarı kimi.
Bu gözəl Zeynəbin nişanasıdı, Ləbləri qırxların peymanasıdı, Dəhanı şahlığın xəzanasıdı, Düzülüb dəndanı mirvarı kimi.
Mələklər şahıdı, gözəl sərvəri, Xəstəyə dərmadı buxağın təri, Camalını görən olur müştəri, Misirdə Yusifin bazarı kimi.
Ələsgər gəlibdi əcəb yığnağa, Şəki, Şirvan bir telinə sadağa, Necə zinət verib eyvan, otağa, Ətri qoxur Bağdad baharı kimi.