Kimə verəcəksən bu çiçəkləri?
Yaşıl yaxalarda gül dərən gözəl, Gül olub, könlümü güldürən gözəl, Kimə verəcəksən bu çiçəkləri?
Düşdüyün sevdanın dadını söylə, Söylə, doğmasını, yadını söylə. Bəlkə, tanıyıram, adını söylə, Kimə verəcəksən bu çiçəkləri?
Dər bu çiçəkləri, dər, gözəl mələk, Dərdikcə ruhuma sər, gözəl mələk. Sənə min göz ilə bir şair baxır, Rəngi tül, yanağı zər, gözəl mələk.
Duymuşam qəlbindən keçənləri mən, Ulu məhəbbətə, uca sevgiyə, Dinə verəcəksən bu çiçəkləri. Mənim ürəyimdə doğan sevgiyə, Günə verəcəksən bu çiçəkləri. Bilirəm, getməzsən məndən uzağa, Dünyaya gül şeiri gətirmək üçün, Mənə verəcəksən bu çiçəkləri. .
2002, 6 sentyabr