Əsas məzmuna keç

Qoşma

Kimdi səni bu qapıdan buraxan

Zəlimxan Yaqub

1
Bir nazirliyin qapısında gözünün yaşını yağış kimi yağdıran qoca bir kişi gördüm. Şikayəti Allahın yanına çıxsa da, yuxarıda oturanın yanına çıxa bilmirdi.

Bu qapıdan yollar gedir, ay qoca, Süd arxından qollar gedir, ay qoca, Zər daşınır, pullar gedir, ay qoca, Kimdi səni bu qapıdan buraxan?

Bu bazarda nə işi var lütlərin, Yeri deyil “maymaqların, kütlərin”. Qulluğunda durammasan bütlərin, Kimdi səni bu qapıdan buraxan?

Bu qapının gədələri bəylənər, Kişiləri harınlaşar, səylənər. Gündə burda neçə karvan əylənər, Kimdi səni bu qapıdan buraxan?

Nə olsun ki, qəlbin qəmnən oyuqdu, Nə olsun ki, bəxtin batan qayıqdı. Görmürsənmi, mərmər buzdan soyuqdu, Kimdi səni bu qapıdan buraxan?

Sünbül eylə, dənnən keçir dərdini, Tanrıya bax, dinnən keçir dərdini. Bura gəlmə, gennən keçir dərdini, Kimdi səni bu qapıdan buraxan?

Düyməsi var, tilsimi var, zəngi var, Bir deyil ki, yetmiş yeddi rəngi var. Talelərlə qovğası var, cəngi var, Kimdi səni bu qapıdan buraxan?

Ağlar gəlib, ağlar qalıb gedən var, Dağəridən, daşüyüdən bədən var. Cangüdənin özünü də güdən var, Kimdi səni bu qapıdan buraxan?

Pusqular var, pusduran var, pusan var, Qan axıdan, qusduran var, qusan var. Qorxusundan ömrü boyu susan var, Kimdi səni bu qapıdan buraxan?

Silahı var, polisi var, postu var, Rüşvət adlı bir canciyər dostu var. Bu qapının bu millətə qəsdi var, Kimdi səni bu qapıdan buraxan?

Get özünə ayrı iş tap, ay qoca, Ayrı dil tap, ayrı diş tap, ay qoca. Xaçpərəst ol, bir keşiş tap, ay qoca, Kimdi səni bu qapıdan buraxan?

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.