Kimdi
Şimşəkoğlu, səsindəki oda qurban, Yandırırsan, yanan kimdi, sönən kimdi? Kimlər sənə vədə verdi, yalan çıxdı, İlqar verib, ilqarından dönən kimdi?
Bu səsdimi, haraydımı, nalədimi, Yanmış Kərəm, qara batmış Lələdimi, Daşıdığın dağdan ağır şələdimi, Qəm altında boyun büküb, sinən kimdi?
Bəlkə, Qırat yəhərsizdi, nalı yoxdu, Bəlkə, daha qızbirçəkli yalı yoxdu, Bəlkə, daha Koroğlunun halı yoxdu, Qocalanda dəli köhlən minən kimdi?
İncitdimi Xotkar səni, paşa səni, Çəkdilərmi bərkə səni, boşa səni, Qərib olmaq döndərdimi daşa səni, Yenilməyən qeyrətini yenən kimdi?
Dilindəki layladımı, ağıdımı, Sinəndəki min həsrətin dağıdımı, Ayrılıqlar yenə bizə yağıdımı, Düşmənimiz bu gün kimdi, dünən kimdi?
Şimşəkoğlu, gəl bir yazaq yazımızı, Şimşəkoğlu, gəl bir çəkək nazımızı, Zəlimxanla qoşa çalaq sazımızı, Dünya görsün qalxan kimdi, enən kimdi?!