Əsas məzmuna keç

Qəsidə

Kim öyrədib bunu, yarəb, şəfəq içində hilal

Məhəmməd Füzuli

1

Kim öyrədib bunu, yarəb, şəfəq içində hilal, Çəkildi bir tərəfə tutdu böylə daməni-al

Bu düz yol ilə gəzib ay bir az zaman içrə, Əlinin ali kimi tutdu tezcə ovci-kəmal.

Böyük imam odur insü cinn rahbəri Ki, dərgəhi hamıya oldu qibleyi-amal.

Kimin pənahi deyil sayeyi-Əli, bişək, Günəş olarsa da gözlər yenə o nuri zəval.

Kim olsa nökəri ol padişahi-dövranın, Cəza günündə amanda olar firiştə misal.

Kim istəməzsə ola kölgəsində ol şəxsin, Yanar bir odda ki, ondan çəkinmək əmri-mahal.

Ədalət ilə alar hər işi himayəsinə, Odur ki, söndürə bilməz şəmi nəsimi-şimal.

Acıqlanarsa, onun ğeyzi bağlayar, şəksiz, Zəmanə Rüstəminin gərdəninə mə’cəri-zal.

Şəhim, sənin görüşünçün bu kainat gözəli Gəlib nişat ilə, açmış önündə hüsni-cəmal.

Gözəlliyin daha artırmaq istəyib gərdun, Sənə qul olmağa, qoydu üzündə nöqteyi-xal.

Sənin nə olduğunu bilmədi yəqin heç kəs, Fəqət bir ayinədə əks tapdı surəti-hal.

Pay alsa bir azacıq himmətindən hər bir kəs, Əlilə həll olunar daima hər əmri-mahal.

Açar bütün düyünü o, bir anda çox asan, Necə ki, qönçeyi-gülzari-dövlətü iqbal.

Gərək şiarı ola hər kəsin Əliyyü Vəli, Odur cahanda bütün müşkülü açan həllal.

Əsillik ərşinin ayi, fəzilətin fələki, Bütün böyüklərə başçı odur firiştə xisal.

Odur yeganə ki, vermiş iki cahanə nizam, Onun səfasi, vəfasi açıb geniş pərü bal.

Onun ki, məsləki olmuş şəriətə qanun, Onun işilə bilərlər nədir həram, halal.

O istəsə edə hər hansı bir işə rəğbət, Zəmanə de nəçidir etsin ol işi ehmal?!

O hər kəsin ürəyindən keçənlərə vaqif, Gərək deyil deyə bir kəs o sərvərə əhval.

Qələm əlində sualsız cavabə hazirdir, Buna görə eyləyib qarşısında hər kəsi lal.

Səxavətin uca ərşi, şərəf hüması – adın, Adın gələndə həmişə gələr mübarək fal.

Yetirməmiş bu cahanda hünər gülüstanı Sənin vücudinə bənzər yəqin nə gül, nə nihal.

Sənin kimi göhəri görməmiş nəsib dənizi, Sənin kimi çiçəyi görməmiş bu baği-cəlal.

Sənin lətafəti-təb’in, gözəl məzacın var, Bu təb’ə yol tapa bilməz nə dərdü qəm, nə məlal.

Sənin xəyalinə hər şey gələrsə, layiqdir, Mələk səvab yaza cümlə nameyi-ə’mal.

Dua edəndə sən hər dəm samimi niyyət ilə, Onu icabəti eylər səmadən istiqbal.

Hər anda xaliqü məxluq səninlə razidir, Əyildi qarşına tə’zimə bu fələk çün nal.

Sənin kimi ola bilməz cahanda bir adəm, Belə yürüşlə nəsibin olar hüdudi-kəmal.

Məqamın oldu müəlla, Nəcəf şahı sənsən, Cahanda yox sənə həmta müqabilü əmsal.

Sənə ümidini bağlar bütün kəmal əhli, Kim olsa səndən alar dərdinə cəvabi-sual.

Mənəm ki, bülbüli-bustani-mədhü mənqəbətəm, Könül xəzinəm olubdur gühərlə malamal.

Mənim də arizum olmuş deyəm mənaqibini, Edəm nisar sənə incilər dolusu məqal.

Bu yolla bəlkə olar ki, məqami gəldikcə, Hüzurə ərz eləyim gah-gah surəti-hal.

Mənim həmişə işim tək Əlini tə’rifdir, Bir özgə işlərə yoxdur könüldə vəqt, məcal.

Mən and içib demişəm yüz kərə Əli həqqi, Nəcəfdən özgə məni çəkməyir nə şərq, nə şimal.

Mənim də istəyim oldur ki, ömr bitdikdə, Tapa bu xaki-tənim xaki-paki ilə vüsal.

Əgərçi olmasa lütfün, mənim bu mənzildə Keçər həyatım ağır, hər işim olar pamal.

Icazə vermə ki, mürği-dilim bu torpaqdan Bir özgə torpağa ta açmaq istəyə pərü bal.

O yerdə qala arizum, ümmidim, Mənə əzab verə vəsvəsəylə min dəccal.

Əmin olub sənə mən halımı bəyan etdim, Nolar ki, qonmaya qəlb güzgüsinə gərdi-məlal!

Nə qədr var tənimdə həyat dairəsi, Nə vaxtadək keçəcəksə ömür də bu minval,

Füzuli arzu edir müjdeyi-əta eşidə, O da həmişə yaza böylə mədhi-Heydərü Al.

* * *

Lüğət: Hilal – yeni çıxmış ay; Damən – ətək; Ali – Əhmədi-Muxtar – Məhəmmədin (s.ə.s.) nəsli; Amal – əməllər, arzular; Nəsimi – gülriz – gülləri tökən səhər küləyi; Hüsni – göftar – söz gözəlliyi X; Gərdun – dönən; fələk; dünya; Düyün – şənlik; toy; Vəli – lakin; dost, xələf, mənəviyyatca Allaha yaxın; Bal – qanad; Vaqif – xəbərdar; Təb – qızdırma; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; İcabət – buldu – qəbul oldu; İstiqbal – qabağa çıxmaq, qarşılamaq, gələcək; Razi – dil – ürək sirri; Nal – qamış qələmin içindəki incə tel; qələm; tütək; nalə edən, inildəyən; Əhli – raz – sirr əhli, sirdaş; Malamal – ağzına qədər dolu; Ariz – yanaq; Məqal – söz, kəlam; Xaki – tirə – qara torpaq; Pamal – ayaq altında qalmış; Mürğ – quş; Dili – tirə – qaranlıq könül, tutqun könül; Əmin – inanılmış, mötəbər; Gərd – toz; Qədr – dəyər, qiymət, məziyyət; Əta – bəxşiş

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.