Kəsildi
Nagah badi-sərsər əsdi üzümə, Ömür bostanımın tağı kəsildi. Öz əlimdən xata dəydi özümə, Bədəndən qolumun sağı kəsildi.
Qəza tutdu, qədər məni budadı, Ağlatdı dostları, güldürdü yadı, Zəhrimara döndü ağzımın dadı, Əlimdə şərbətim ağı kəsildi.
Könlüm yasdan çıxmır, qəlbim qaradan, Bu dərdü möhnətdən, bu macəradan. Dövlət getdi, hörmət qalxdı aradan, Qapımızdan dost ayağı kəsildi.
Nə müddətdi qurtarmıram zülümdən; Qəzanın qılıncı dəydi belimdən, Bir tülək tərlanım getdi əlimdən, Ürəyimin bəndi, bağı kəsildi.
Çox qaçdım qəzadan, olmadı çara, Bir vurmuşdu, bir də vurdu dübara, Çinovniklər istədilər qurtara, Dostlarım özümə yağı kəsildi.
Qul Ələsgər işin müşküldü müşkül, Dərdini deməyə yoxdu əhli-dil, Döy başına, fəğan eylə müttəsil, Daha deyib-gülmək çağı kəsildi.