Əsas məzmuna keç

Qoşma

Kərkük

Zəlimxan Yaqub

1

Bu gün sənin taleyini düşünürəm, Ağır gündə üstünü od alan Kərkük. Öndə qatil, solda düşmən, sağda yağı, Yurd-yuvası, el-obası talan Kərkük.

Dərdlərini zirvələrə tən bilirəm, Əzabını saçlarımda dən bilirəm. Borçalıyam, nə çəkirəm mən bilirəm, Borçalıtək könül bağı talan Kərkük.

Beş yüz ildi Boyut səndə, Nəsim səndə, Məndən qopan ruhum səndə, səsim səndə. Qovuş mənə, qurbanımı kəsim səndə, Bəd xəbərlər yalan olsun, yalan, Kərkük.

Əvvəlkitək vuran əlim yoxdu hələ, Qılınc çəkib coşan dəlim yoxdu hələ. Fateh yoxdu, Sultan Səlim yoxdu hələ, Gözlə görək, gözü yolda qalan Kərkük.

Harda zor var, orda xəbis barmağı var, Harda şər var, orda iblis barmağı var. Taleyində bir “ingilis barmağı” var, Qızıldan qismətini çalan Kərkük.

Qarabağ da Ərbil, Mosul talelidir, Ruhu girov, özü yoxsul talelidir. Əzilənin taleyi qul taleyidir, Yıxdı səni filan oğlu filan, Kərkük.

Dönə-dönə sındırıblar inadını, Uça bilmir, tale qırıb qanadını. Məkkə bilib öz adını, soyadını, Namazını Türkə sarı qılan Kərkük.

Cəllad deyək, yağı deyək bəxtimizə, Ömrün qara çağı deyək bəxtimizə. Layla çalaq, ağı deyək bəxtimizə, Sən anam ol, mən də sənin balan, Kərkük!!!

2003, 16 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.