Kərəm çırağı
Üzülüb piltəsi, əriyib yağı, Bu sovqat uzaqdan-uzağa gəlib. Bir nəslin oduymuş Kərəm çırağı, Təbrizdə alışıb, Qazağa gəlib.
Bir toy məclisindən qalıb yadigar, Qardaşdan bacıya paydı bu cehiz. Aylı gecələrin öz aləmi var, Tutqun gecələrdə Aydı bu cehiz.
Bəlkə, çıraq deyil bu sovqat, bu pay, Kərəmin köksündə vuran ürəkdi. Ağrıdan, əzabdan salanda haray, Böyük bir millətin dərdini çəkdi.
Kim bilir nə qədər alışıb, sönüb, Onu bir qeyrətli oğul yandırıb. Onun hər zərrəsi ulduza dönüb, Dünəni, keçmişi işıqlandırıb.
Kərəmi kəsilmiş zalım dövranın, Kərəmsiz vaxtında doğulub Kərəm. Verdiyi çırağın işığı kimi, Nur olub, hər yana dağılıb Kərəm!
Həyatda nə qədər dərd yeyib insan, Hələ çox arzular pərən-pərəndi. Bu çıraq dünəni bizə tanıdan, Bu çıraq sabaha yol göstərəndi.
Yan, Kərəm çırağı, başımın üstdə, Mənə o keçmişi, dünəni göstər. Sən yanmaq eşqində, mən də həvəsdə, Göstər, yeddi arxa dönəni göstər.
Göstər keçmişimi, görüm necə var, Dünyam bu dünyada itib-batmasın. Bu gün öz başından tarix yazanlar, Məni uşaq kimi qoy aldatmasın!
Yan başım üstündə, Kərəm çırağı, Yan, mənim körpəmin gözlərində yan. Övladdır gözümün qarası, ağı, Təzəcə dil açan sözlərində yan!
Hər evdə bir qeyrət çırağı yansa, Elin daşımağa olmazdı dərdi. Qırğınlar kəsilib, qanlar dayansa Xalq öz taleyini bayram edərdi.
Yan Kərəm çırağı, böyüsün ürək, Nurun həm o taya, həm bizə düşsün. Hər dəfə yananda elə şölə çək, İşığın Bakıdan Təbrizə düşsün!
Doğur ulduzumuz, yanır Ayımız, Günəşdən dünyanın başında tac var. Həyat işığından boldur payımız, Qeyrət işığına bir ehtiyac var!
Nurlanır bir ömrün şərəfi, şanı, Diləklər gül açır, yaz olur bu gün. Kərəmin haqqında Kərəm dastanı Kərəm çırağında yazılır bu gün!