Kərbəla torpağı
Kərbəla düzündən torpaq götürdüm, Axdı damarımda qan oldu torpaq. Qəlbimdə qaynadı, ruhumda yandı, Canımda ikinci can oldu torpaq.
Kərbəla düzündən torpaq götürdüm, Gördüm ki, sərasər qandı Kərbəla! İmam Hüseynin ahına döndü, Ovcumda od tutub yandı Kərbəla!
Çəkdi xəyalımı olub-keçənlər, Səhrada küləklər əsən günüydü... Yezidin qılıncı Həzrət Abbasın, Qələm qollarını kəsən günüydü...
Şəhidlik zirvəsi dağlardan uca, Düşmənin hiyləsi qırx arşın quyu. Körpələr “Su!” – deyib qovrulan zaman, Şırhaşır axırdı Dəclənin suyu...
Gözümə körpəcə Əliəkbərin, Dümağ avazıyan rəngi göründü. On minlik orduyla yetmiş adamın, Döyüşü, qovğası, cəngi göründü.
“Beyət et!” – dedilər İmam Hüseynə, O, təslim olmadı, olmazdı, bəli! Onu qoyardımı rüsvay olmağa, Babası Məhəmməd, atası Əli!
Gözünün önünə gəldi Hüseynin, Ağrıdan qəddini əydiyi gecə. Zəhərli qılıncı ibn Mülcəmin, Məsciddə Əliyə dəydiyi gecə.
Gəldi, gözlərinin önünə gəldi, Acı göz yaşları, təəssüf, qəhər... Məkkənin içində İmam Həsənə, Mərvanın əliylə verilən zəhər...
Kufədən Məkkəyə məktublar gəlir, Onu çağırırdı xəlifəliyə. Hanı o məktubu yazan “kişilər”? Onun köməyinə yetişmir, niyə?!
İşini görmüşdü hiylə, xəyanət, Dərd sinə üstündə kotandı, xışdı. Məkkədən Kufəyə gələn Hüseyni, Düşmən Kərbəlada qarşılamışdı...
İki yol var idi qarşıda bu gün, Ya ölüm, ya qalım – hansını seçsin? Ölsə, əqidəsi diri qalacaq, Öz şirin canından bəs necə keçsin?!
O təslim olsaydı yezid əmrinə, Düşmən lovğalanıb, yekələnərdi. Şəhidlik hüsnünü bəzəməsəydi, İslamın tarixi ləkələnərdi!
Ulu peyğəmbərdən bir səs ucaldı, Səs nura çevrildi, nur səsə döndü. Çatdı qulağına İmam Hüseynin, Canında bir eşqə, həvəsə döndü!
“Ey mənim istəklim, ey mənim nəvəm, İşıqsan, zülmətə əyilmə!” – dedi. “Allahın yolunda şəhid olursan, Tapın o qüdrətə, əyilmə!” – dedi.
“Kimin nəvəsisən, kim olub atan, Günahdan çəkinmir günaha batan. İlantək qıvrılan, iblistək yatan, Kinə, küdurətə əyilmə!” – dedi.
“Sevgidi insanın Məkkəsi, piri, Əqidən yolunda yan diri-diri. Şəhid ol, belədir haqqın tədbiri, Bağlan o qüvvətə, əyilmə!” – dedi.
Nərəsi titrətdi Həzrət Əlinin Sonsuz səhraları, saysız qumları. İlahi, mən necə sözə çevirim, Qələmə gəlməyən bu duyumları!
“Bağrımın parası, gözümün nuru, Tez sarıl silaha, əyilmə!” – dedi. “Şərə əyiləni haqq bağışlamaz, Batarsan günaha, əyilmə!” – dedi.
“Sarsılma, düşsən də bərkə, çətinə, Qoy tanrım yar olsun mərdə, mətinə. Peyğəmbər güvənir sədaqətinə, Sadiq ol Allaha, əyilmə!” – dedi.
“Bilirəm, ay oğul, işin dardadır, Demə gücüm hanı, qüvvəm hardadır? İslamın sabahı sabahlardadır, Boylan o sabaha, əyilmə!” – dedi.
Bu səsdən güc alan əyilərdimi, Əyilməz kəslərə tarix baş əymiş. Mən indi bildim ki, bu qətiyyətin Kökü hardan gəlir, səbəbi nəymiş!
O yana boylanma, bu yana baxma, Məni duy, məni sev, mənə bax dedi. Qalın kitabların demədiyini, Ovcumda tutduğum bu torpaq dedi.
Kərbəla düzündən torpaq götürdüm, Tapdım sərvətimi, tapdım zərimi. Dəftərdən, qələmdən, kitabdan əvvəl, Bu torpaq danışdı dediklərimi!
Kərbəla, 1994, sentyabr