Kərbəla səfəri
Bakıdan Bağdada karvan gedirdi, Sərvəti söz olan maşın karvanı. Beş yüz il əvvəldən çıxıb bu yola, Tarixin, zamanın, yaşın karvanı.
Bu yolu nə qədər gedənlər olub, Dəvəylə, qatırla, ayaqla, atla. Arzu böyük olub, amal müqəddəs, Beləcə bağlanıb insan həyatla.
Bir yerdə duranda bulanıb qalır, Səfərə çıxmasa durulmur insan. Yorulur yollarda dizdən, ayaqdan, Arzudan, həvəsdən yorulmur insan.
Çöllər od verirdi nəfəsimizə, Yollar güc verirdi ayağımıza. Qayalar mütəkkə, çəmənlər döşək, Daşlar çevrilirdi dayağımıza.
Kültək açılırdı ürəklərimiz, Tez-tez yaxamızı külək açırdı. Qupquru səhralar, sapsarı düzlər, Bizim gözümüzdə çiçək açırdı.
O tərəf, bu tərəf yoxuydu burda, Hamı bir cərgəydi, bir tərəfiydi. Ziyarət həmişə əziyyət sevib, Bu yolda yorulmaq bir şərəfiydi.
Bilirdik, qarşıda hər birimizi, Kərbəla gözləyir, Kərkük gözləyir. Uzaqdan eşidib sorağımızı, Füzuli nəfəsli hər türk gözləyir.
Səhralar qoynunda su tapmayanda, Füzuli şeirini içib gedirdik. Körpülər Füzuli misralarıydı, Zamandan-zamana keçib gedirdik.
Çatdırdı ən böyük murazımıza, Bizi öz qoynuna alan Kərbəla. Zaman yaddaşında, tarix yadında, Şəhid yurdu kimi qalan Kərbəla.
Ruhunu bənzədib sızlayan şama, Qalıb gözlərindən yaş dama-dama. Nisgilli şairə, şəhid imama, Şirin laylasını çalan Kərbəla.
Ağılar içində görüb aşını, Töküb gözlərinin qanlı yaşını. Min dörd yüz ildir ki, çatıb qaşını Dərin xəyallara dalan Kərbəla.
Ucalar urvatda, qiymətdə qaldı, Görən gördüyünə heyrətdə qaldı. Kim desə Füzuli qürbətdə qaldı, İnanma, yalandı, yalan, Kərbəla!
Bağdad – Bakı, 1994, sentyabr