Kəndirli qartal
Sənin ki məskənin dağlar başıdı, Sən ki öyrənmisən hündürə, qartal. Dərələr dibinə kim salıb səni, Niyə ilişmisən kəndirə, qartal?
Gözün əllərdədi, baxışlardadı, Gah ələ baxırsan, gah ətə, qartal. Zirvələr sultanı nə günə qalıb, Gəldim bu səhnədən dəhşətə, qartal.
Doğra o kəndiri caynaqlarınla, Səmalar fatehi, qayalar şahı. Hünərin çatmasa, çağır köməyə, Yerdə Peyğəmbəri, göydə Allahı.
Mahir bir ovçunun baş tutub ovu, Pusquya salıbdı, bəndə salıbdı. Allah uçmaq üçün yaradıb səni, Sürünmək kökünə bəndə salıbdı.
Bülbül qəfəsdə də coşub oxuyur, Can dustaq olsa da, dili lal deyil. Qartal buludları yarmaq üçündü, Şığıya bilmirsə, o, qartal deyil.