Kəndimizdə
Şəhərdə həmişə şəhər kimiyəm, Kəndə qayıdanda kənd oluram mən. Gülləri çox sevən səhər kimiyəm, Çəmənə, çiçəyə bənd oluram mən.
A doğma ocağım, a doğma kəndim, Odunu, hisini necə sevməyim. Səni qəlbim kimi sevdim, bəyəndim, Qəlbin istisini necə sevməyim.
Neçə cavan gəlin, ağbirçək qarı, Məni qonaq edib kərəyə, bala. Həmişə bu olub xoş arzuları: “Axar su qapından axsın, ay bala!”
Dost-tanış yığışır ruhu gülər, şən, Dostum, hər addımda qoçaq ol, deyir. Mən kəndə gələndə “xoş gəldin” deyən, Mən kənddən gedəndə “yaxşı yol” deyir.
Yenə gözəlliklər aləmindəyəm, Sanki dağlar deyil, mən yüksəlmişəm. Əliboş gəlsəm də, eyləmirəm qəm, Ay ana, ürəyi dolu gəlmişəm.
Burdan bir gəncliyi aparsam da mən, Ordan bir cavanlıq gətirdim sənə. Hələ ki, düşməyib saçlarıma dən, Cavankən özümü yetirdim sənə.
1971, 31 dekabr