Kəndimiz
Ey könül, izin ver, söhbət açım mən, Doğma kəndimizin təbiətindən. Gəzsin, seyr eyləsin düzlər boyunca, Tarlaya, çəmənə baxsın doyunca. Sözümü dinləsin ellər, obalar, Görsün bu yerlərdə nə təmtəraq var.
Bostan üstə şamamanın, qovunun, Qıvrılan, uzanan tağından deyim. Barlı payızının, xoş baharının, Ən şirin, ən gözəl çağından deyim.
Cüyür yerişindən, kəklik səsindən, Qəlbə qanad verən mənzərəsindən, Nərəli çayından, göy dərəsindən, Zirvəsi dumanlı dağından deyim.
Ürəklərin soyumayan közündən, Dodaqların söhbətindən, sözündən, Qaynar bulaqların durna gözündən, Almalı, armudlu bağından deyim.
Əyir budağını ərik, albalı, Qurulur hər yanda gözəl bir çalı. Tənəklər başını salır aşağı, Qırmızı salxımlar bəzəyir bağı. Günəşdən rəng alır, yanaqlanır nar, Onun bahar qədər təravəti var. Çınqıllı qayalar, göy meşəliklər, Enişlər, yoxuşlar, dərələr, diklər, Dovşanlı dolaylar, cüyürlü çöllər, Bülbüllü bağçalar, sonalı göllər, Nərə çəkən sellər, çağlayan sular, Müqəddəs arzular, şirin duyğular, Böyüdür insanda eşqi, həvəsi, Ucaldır nəğməni, ucaldır səsi. Gəl, ey dost, gəz dolan “Qara qüzeyi”, Ruhları məst edir çobanın neyi. Göylərə baş çəkən “Lök”ün, “Ləlvər”in, Havası dərmandı, suları sərin. Çıxsan zirvəsinə “Qatar qaya”nın, Səndən aşağıda durar hər yanın. Xəyalı güldürür “Almalıq bağ”ı, Ağıza dad verir “God”un bulağı. Saçlara daraqdı səhərin mehi, Otlara naxışdı buludun şehi. Bu yerə vurğunam, hər şeydən əvvəl, Suyunda inci var, torpağında ləl.
1968, 9 may