Əsas məzmuna keç

Heca şeiri

Kəndə gəliş

Zəlimxan Yaqub

1

Qırıb damarını uzun yolların, Bir payız axşamı mən kəndə gəldim. Şimşək qılıncını qına qoyanda, Palıd yarpağını tökəndə gəldim. Yarpaq tökülsə də, belə gəlməyim Heç demək olarmı xəzana düşdü. Bu yerdə ürəklə dinmək, danışmaq Mənim qismətimə – yazana düşdü. Ev-ev, ocaq-ocaq dolandıqca mən, Söhbət dodaqlarda aşıb-daşırdı. Uşaqlar gözümdə qalxır, ucalır, Qarılar, qocalar cavanlaşırdı. Əgər şairsənsə, dağlar, dərələr Dedi: – Bu qüdrətin önündə əyil. Əyildim, torpağın öpdüm üzündən, Bu gəliş yadımdan heç çıxan deyil. Könül həsrətiylə gəldi, görüşdü, Eşqimin başına yollar dolandı. Gəlişim toyların vaxtına düşdü, Boynuma nə qədər qollar dolandı. Dodaqda gülüşü, gözdə sevinci Gözəllər üstümə axın eylədi. Sevinc doğma saydı özgələri də, Məhəbbət uzağı yaxın eylədi. Ruhuma qol-qanad verməyən baba, Qadamı almayan nənəmi qaldı. Gəzmədiyim çəmən, içmədiyim su, Ayağım dəyməyən binəmi qaldı. Xəyala dönsə də aylar, fəsillər, Çıxsa da yadımdan ən istəkli il, Dünyaya gəldiyim əziz gün kimi, Bu gəliş yadımdan heç çıxan deyil.

Gördüm xoş arzulu, şirin diləkli, Analı, bacılı, yarlı dünyamı. Gördüm dağ cüssəli, cavan ürəkli, Atalı dünyamı, varlı dünyamı. Aşsa da başımdan varı-dövləti, Atasız yoxsuldu, kasıbdı dünya. Atalı övlada gözəlsən deyib, Həmişə bağrına basıbdı dünya. Öz doğma oğlutək bağrına basdı, Öpdü ağsaqqallar gözümdən mənim. Qəlbimin səsinə hey qulaq asdı, Bircə kəs çıxmadı sözümdən mənim. Sən də mənasını anla, ey ürək, Günlərin qədrini, qiymətini bil. O da cəsarətlə dilə gəldi ki, Bu gəliş yadımdan heç çıxan deyil. Gizlədə bilmədi öz sevincini, Zirvələr qoynunda əridi qar da. Dedi, hayandasan, ay etibarsız, De, fikrin, xəyalın hardadı, harda. Yellər qanad verdi, qayalar vüqar, Alışan ocaqlar közə bax, dedi. Tellər sığallandı, güllər bəzəndi, Titrəşən çiçəklər düzə bax, dedi. Gözə göz demərəm, sevindiyindən Laləni görəndə oda düşməsə. Ömrümüz mənasız bir kitab olar, Şirin xatirələr yada düşməsə. İllərlə izinə düşə bilməsəm, Həsrət başım üstə ötsə də dil-dil, Gözümün nurunda həyat tapacaq, Bu gəliş yadımdan heç çıxan deyil.

1975, 4 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.