Əsas məzmuna keç

Heca şeiri

Kənd ocağı

Zəlimxan Yaqub

1

Ruhumuza sığal vurar, rəndə çəkər, Kənd yerində korun-korun yanan ocaq. Duyğumuzu kökə bağlar, rəndə çəkər, Kənd yerində korun-korun yanan ocaq.

Söhbətini işlədərik qənd yerinə, Min illərlə möhür olan kənd yerinə. Dönər bizim dilimizin and yerinə, Kənd yerində korun-korun yanan ocaq.

Dövrəsində neçə oğul-qız saxlayar, Yaddaşında babalardan söz saxlayar. Yolçulara kül altında köz saxlayar, Kənd yerində korun-korun yanan ocaq.

Düz otuz il işığından düşdüm uzaq, Yurddan ayrı qəlbim şaxta, ruhum sazaq. Məni hər gün həsrətiylə yandıracaq, Kənd yerində korun-korun yanan ocaq.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.