Əsas məzmuna keç

Heca şeiri

Kefli

Zəlimxan Yaqub

3

Niyə bu gündədi görəsən, Allah, Niyə bir bu qədər içib görəsən? Başının altında daş buza dönüb, Niyə öz başından bezib görəsən?

Bu qədər içkiyə pul hardan tapıb, İçdiyi pulsuzdu, müftədi, bəlkə. Niyə yazığımız gəlir onlara, Keflilər həmişə kefdədi, bəlkə.

Yox, belə yatmağa kef demək olmaz, Kef çəkən taxt üstə uyuyub yatar. Bədbəxt öz yerini daş üstə tapar, Bədəni buz kimi soyuyub yatar.

Kasıblar həmişə kasıbdan kasıb, Yazıqlar həmişə yazıqdan yazıq. Alnında əzabın xəritəsi var, Sifət qırış-qırış, üz qazıq-qazıq.

Kimin atasıdı, kimin əridi, Kimin qardaşıdı, görəsən, Allah?! Dünyanın daşınmaz əzablarını, Nə qədər daşıdı, görəsən, Allah?!

Yerdən də, göydən də əli çıxanlar, Belə yata bilər, yuxlaya bilər. Onu innən belə nə ulu Tanrı, Nə bəndə ayaqda saxlaya bilər.

Kimi dərddən gedir, kimi içkidən, Beləcə seyrəlir səfimiz bizim. Hər gün aşımıza soğan doğranır, Beləcə pozulur kefimiz bizim.

Qulağı pas tutur, ürəyi qubar, Beynimiz kiflənir, kifdən ölürük. Aqillər bilir ki, nələr çəkmişik, Cahil elə bilir kefdən ölürük.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.