Keçmişəm
Bir bivəfa dost yolunda Başu candan keçmişəm; Unutmuşam doğru rahı, Din-imandan keçmişəm. Zərrəcə gəlməz eynimə Bu dünyanın cifəsi, Tərk edib dövləti, malı, Xanimandan keçmişəm.
Dərdim çoxdu, kimə deyim? Yoxdu dərd bilən həkim. Sərraf sənsən, aç xırd eylə, Ləli gövhərdi yüküm. Şahi-Mərdan sayəsində Kimsədən yoxdu bakım; Sidqi-dillə sığınmışam, Mən ümmandan keçmişəm.
İsmimdi Aşıq Ələsgər, Budu dövranım mənim; Qürbət eldə bir gözəldə Qaldı peymanım mənim; Öldürsə də bu sevdada, Halaldı qanım mənim; İncimərəm, dost yolunda Bu ziyandan keçmişəm.