Keçə
Doymaz bu gözlərim eldən, obadan, Min dəfə qəlbimdən el gəlib keçə. Durna qatarına dönə fəsillər, İllərin dalınca il gəlib keçə.
Qayğılar dönsə də saçımda qara, Ey könül, mən hara, yorulmaq hara. Dönəm bu dağlarda sal qayalara, Sinəmin üstündən sel gəlib keçə.
Zəlimxan, hər yana güzarım ola, Öz gülüm, çiçəyim, öz arım ola. Ölsəm dağ döşündə məzarım ola, Gözəllər əlində gül gəlib keçə!