Əsas məzmuna keç

Heca şeiri

Kəbənin qara daşı

Zəlimxan Yaqub

2

Allahın əliylə göylərdən düşüb, Bəndənin gözləri görüb bu daşı. Görən zəmanənin peyğəmbəriydi, Kəbə divarına hörüb bu daşı.

Mərmər çiçəklənib, daşlar göyərib, Xalıya, xalçaya, gəbəyə dönüb. Bir daşın eşqinə qumların üstü, Məkkəyə çevrilib, Kəbəyə dönüb.

“Birləşin!” – nidası Allah yolunda, Çağırır qardaşı qardaşa doğru. Qara daş islamın üz ağlığıdı, Bir dünya üz tutur bir daşa doğru.

Min dörd yüz ildir ki, ziyarətdədir, Min dörd yüz ildir ki, öpülür bu daş. Ətrə, təravətə, nura çevrilib, Bütün yer üzünə səpilir bu daş!

Üzümü döşədim, alnımı qoydum, Üstündə dualar oxunan daşa. Mənim də əllərim dəydi, toxundu, Peyğəmbər əlləri toxunan daşa!

Sözümə baxmadı gözümün yaşı, Ürəyim içəridən oyuldu getdi. Mən elə bildim ki, bir an içində, Bütün günahlarım yuyuldu getdi!

Dizlərim torpaqda, əllərim Haqda, Zamanım Tanrıyla vəhdətdə keçdi. Çəkildim Kəbənin bir bucağına, Dilim Allahımla söhbətdə keçdi.

Bu vəhdət – özünə müsəlman deyən, Bütün könüllərin birləşməsiydi. Adəmin, xatəmin, əvvəlin, sonun, Bir insan qəlbinə yerləşməsiydi!

Bu görüş taleyin, vaxtın, zamanın, Yatmış duyğuları oyatmasıydı. Allahı əlindən alınanların, Yenidən Allaha qayıtmasıydı!

Kəbənin köksündə çarpan ürəkdi, Gözün rəngi kimi qaradır bu daş. İslam bayrağını qaldırıb göyə, İslam birliyini yaradır bu daş!

Məkkə, 1994, iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.