İtki – etiraf
Nisgildi ürəkdə, ağrıdı canda, Bir görün nə qədər vaxt itirmişəm. Özümü tapmışam vaxtı tapanda, Vaxtı itirəndə baxt itirmişəm.
Yaza bilmədiyim anlar, saatlar Qarışdı gözümün yaşına, getdi. Eşitsə qələmin ürəyi çatlar, Bu gün də beləcə boşuna getdi.
Nə ay qayıdası, nə il dönəsi, Yuvadan perikən quşdu, qayıtmaz. Günəş batasıdı, ocaq sönəsi, Zaman əllərindən uçdu, qayıtmaz.
Tez yorulur ürək, tez üzülür can, Ay nə qiymətlidi, gün nə bahadı. Heyif ki, vaxtında dərk etmir insan, Sən yağlı tikəsən, vaxt əjdahadı.
Dərd dalğa-dalğadı, qəm şələ-şələ, Vaxtsız saçımıza ələndi dənlər. Zamanın tükü də tərpənmir hələ, Özünü öldürür vaxt öldürənlər.
İtirdim ən şirin arzularımın Kölgədə birini, gündə birini. Köçürə bilmədim ağ varaqlara Qəlbimdən keçənin mində birini.
Yüz yerə baş vurdum, min yerə vardım, Top kimi daşlardan daşlara dəydim. Nələr yaradardım, nələr yazardım, Vaxtında vaxtımı itirməsəydim.
2004, 20 fevral Kislovodsk