Əsas məzmuna keç

Heca şeiri

İtirdiyim “dosta” ərməğan

Zəlimxan Yaqub

1

Yoxsulluq əlindən göz açmayaydım, Kasıb doğulaydım, kasıb öləydim. Gəlməsə Allahın ucuz ölümü, Qeyrət damarını kəsib öləydim, Kaş sənə həyatda rast gəlməyəydim!

Heç nəyi zamandan gizlətmək olmur, Vaxtın üzü belə, astarı belə. Çəkir imtahana, salır sınağa, Bax, belə tanıdır dostları, belə!

Un kimi, dən kimi dost da, düşmən də, Ələnir xəlbirdən, keçir ələkdən. Həqiqi məhəbbət, həqiqi sevgi, Beləcə ayrılır küydən, kələkdən.

Mən haqqı tanıyan adamam, qardaş, Yersiz nə küyüm var, nə kələyim var. Zamanı gələndə, vaxtı çatanda, Mənim öz şadaram, öz ələyim var.

Sən şeytan yoluyla qazandığını, Mən Allah yoluyla çoxdan almışam. Boynumda heç kəsin minnəti yoxdur, Mənə nə verilib, haqdan almışam!

Otuz il əlimdə qələm işlədi, Varağa bir kəlmə qeybət düşmədi. Əsdi mən tərəfdən sevda yelləri, Heç kəsin payına nifrət düşmədi. Deyərəm, Allahın öz işləridi, Göynəsə ürəyim, sızlasa yaram. Sənin pisliyinlə enib zirvədən, Qələmi çirkaba bulaşdırmaram!

Dostluğun sarayı neçə pillədi, Kim taxta ucaldı, kim endi taxtdan. Kiminki sevgidi, kiminki tamah, Qoy Allah ayırsın haqqı nahaqdan.

Mən elə bilirdim sənsən sirdaşım, Ruhuma doğmasan, könlümə yarsan. Mən sənə dağlardan nəğmə gətirdim, Dedim dağlar kimi uca durarsan!

Ən böyük düşmənsən özün-özünə, Suçu nə məndə gör, nə də xalıqda. Bir zirvə vermişdi Yaradan sənə, Dayana bilmədin o ucalıqda!!!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.