İtibdi
Müxənnət zamana, ay kəcirəftar, Sitəmindən necə canlar itibdi!? Zülmünü nümayan eylədin aşkar, Qurğular pozulub, sanlar itibdi.
Şər işdən nə tapdın, söyləsən, qanam, Necoldu büsatım, dəmim, dəmxanam?! Tülkü havalanıb, deyir aslanam, Tüf dağından ac aslanlar itibdi.
Müxənnət meydanda "mənəm" deyibdi, Bu dərd Ələsgərin qəddin əyibdir, Kor yapalaq kəklik alıb yeyibdi, Laçın ölüb, o tərlanlar itibdi.