Əsas məzmuna keç

Heca şeiri

İstəyirəm

Zəlimxan Yaqub

1

Xoş söz ağız şirinliyi, Səmimiyyət eşqin tacı. Rəndə tutmaz, sığal görməz Köntöylüyün yox əlacı. Qəlbi xain, dili zəhər Danışanda acı-acı, Şirin olub, söhbətimi Şirin salmaq istəyirəm.

Bir ürəyin yanar səsi Çatmayanda qulaqlara, Göz yaşımı döndərirəm Axıb gedən bulaqlara. Qanad açıb, qədəm basıb Yaxınlara, uzaqlara, Haray çəkib, dağa-daşa Bir ün salmaq istəyirəm.

Ömrün-günün sınağından Harda üzüağ çıxanda, Pələng dişli ölümlərin Pəncəsindən sağ çıxanda, Qayaları qat-qat olub Qarşıma bir dağ çıxanda, Fərhad kimi xəyalıma Şirin salmaq istəyirəm.

Dayan şimşək, qoy eşidim Dağ nə deyir duman haqda. İtil şübhə, qoy düşünüm Ümid haqda, güman haqda. Səksəkəli, qorxuluyam Bu narahat zaman haqda. Rahat olub, ürəyimi Sərin salmaq istəyirəm.

1976, 15 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.