İstəmirəm cəhənnəmi
Baxışların ölüsüydüm, səni görüb dirilmişəm, Sən ki varsan, yaxın gəlməz ağrı mənə, acı mənə. Həkimim də, təbibim də, xilasım da sən özün ol, Mən nə bilim hansı həkim nə dərmanı yazır mənə.
Dayan sevinc, qaçma məndən, ayaq saxla bir anlığa, İşıqsız, sevgisiz, ruhsuz könül dönər qaranlığa. Bülbül çəkər abadlığa, bayquş çəkər viranlığa, Qəm götürüb külüngünü hər gün qəbir qazar mənə.
Baş buludda, can sükutda, yanaq yaşdı, kirpik nəmdi, Harda olsa sevənlərin qisməti az, bəxti kəmdi. Sənlə cənnət olan dünya sənsiz mənə cəhənnəmdi, İstəmirəm cəhənnəmi, qismət olsun məzar mənə.
2000, 19 mart