İstək
Payızın son ayı çıxaçıxdadı, Dağların başına daha qar düşüb. Mənimsə könlümə hayda-həşirdə Sevinci sayrışan bir bahar düşüb.
Sözüm təbiətə ağır gəlməsin, Elə bilməsin ki, daşam, dəmirəm. Ətri xoş olsa da gülün, çiçəyin, Tək çöldə açılan yaz istəmirəm.
Əlləşir, vuruşur ölümlə, qanla, Ölkə var, həyatı bu gün dardadı. Yaralı qəlbindən bir sual qopur: – “Bəs mənim ömrümün yazı hardadır?”
Bahar istəyirəm, o millətlərə Bir zəfər çələngi toxudan olsun. Tək bülbül nəğməsi bəs deyil mənə, Daşa da dil verib oxudan olsun.
Bahar istəyirəm, bu istək üçün, Qalın dumanları yaran quş ollam. Göyərçin istəyən bütün əllərə Bahar müjdəçisi qaranquş ollam.