İstədim
Oyandı qəlbimdə dəli bir həvəs, Alışıb-yanmağa alov istədim. Fikrim dağlar gəzdi, düzlər dolaşdı, Meylimi verməyə bir ov istədim.
Başladı ömrümün yuxu sürgünü, Külək gözlərimdən qovdu mürgünü. Qışda arzuladım isti bir günü, Yayın ortasında qırov istədim.
Dedilər torpağı qarış-qarış gəz, Yoxdur cavanlığa yeni bir əvəz. Çıxmağa Şahdağı, gəzməyə Kəpəz, Dünyaya baxmağa Murov istədim.
1976, 23 iyun