İstanbulda quşlar qondu çiynimə
İstanbulda quşlar qondu çiynimə, Aman Allah! Quşlara bax, quşlara. Nə çəkinir, nə perikir, nə qorxur, Necə qonur çiyinlərə, başlara.
İstanbulda quşlar qondu çiynimə, Üz-gözümə sığal çəkdi lələklər. Elə bildim xeyri-şəri yazmağa Quş donunda göydən enib mələklər!
İstanbulda quşlar qondu çiynimə, Səpələdim sevgini də, dəni də. Nağıldakı şahlar düşdü yadıma, Elə bildim şah seçirlər məni də!
İstanbulda quşlar qondu çiynimə, Həvəsimdən havalandım quş kimi. Heç bilmirəm o çağlara nə deyim, Gəldi, getdi yuxu kimi, quş kimi!