İşıqlan Kəbənin nurunda, könlüm
Bu da bir fürsətdi baxtına düşüb, Baxtın ucalığın taxtına düşüb. Zamanına düşüb, vaxtına düşüb, İşıqlan Kəbənin nurunda, könlüm!
Sirdaş ol ulduzla, Günəşlə, Ayla, Yoldaş ol çəmənlə, çeşməylə, çayla. Aldığın işığı dünyaya payla, İşıqlan Kəbənin nurunda, könlüm!
Amandı, çökməsin sis ürəklərə, Qaranlıq gətirir his ürəklərə. Allah nuru payla pis ürəklərə, İşıqlan Kəbənin nurunda, könlüm!
İmanı olanlar dumandan çıxar, Şübhədən sıyrılar, gümandan çıxar. Nə çıxsa yenə də imandan çıxar, İşıqlan Kəbənin nurunda, könlüm!
Sığın bu dünyanın yaraşığına, Peyğəmbər nuruna, haqq işığına. Çevril sevə-sevə haqq aşığına, İşıqlan Kəbənin nurunda, könlüm!
Tanrı işığında hamı nurlanar, Dünyanın sarayı, damı nurlanar. Yanar ürəklərin şamı nurlanar, İşıqlan Kəbənin nurunda, könlüm!
Hər kim Qara daşı əyilib öpər, Dizinə güc gələr, qəlbinə təpər. Yaxşılıq yağdırar, aydınlıq səpər, İşıqlan Kəbənin nurunda, könlüm!
Süd kimi təmiz ol, qar kimi ağ ol, Çırpınma şübhənin torunda, könlüm! Alış ömrün boyu müqəddəsliyin, Odunda, közündə, qorunda könlüm! Bəndənin şöhrəti Allah nurudu, İşıqlan Kəbənin nurunda, könlüm!
Məkkə, 1994, iyul