İşıqla doludu dünya
Dost işığı, yar işığı, Gün işığı, qar işığı, Bütün dünya başdan-başa, İşıqların qarışığı, İşıqla doludu dünya.
Arıdadı, çiçəkdədi, Gözəldədi, göyçəkdədi, Qara bulud içindədi, Qəfil çaxan şimşəkdədi, İşıqla doludu dünya.
Alnı işıq, üzü işıq, Dünyanın sağ gözü işıq. Yaradanın öz adıdı, İlahinin özü işıq, İşıqla doludu dünya.
Ulduzdu, Aydı, Günəşdi, Oddu, ocaqdı, atəşdi. Necə ki, yanar işığı, Bu dünyanın işi beşdi, İşıqla doludu dünya.
Saf ürəkdi, sağlam candı, Damardakı qızıl qandı. Şeirdi, sözdü, nəğmədi, Bir parça da Zəlimxandı, İşıqla doludu dünya.
İşıqlığa çıxaracaq, Yer üzündə hər nə varsa, İşığın yoludu dünya. İşıq ilə müqəddəsdi, İşıqla uludu dünya. Əgər yanırsa işığı, Ömrü yaşamağa dəyər, İşıqla doludu dünya.
2001, 24 mart