Əsas məzmuna keç

Heca şeiri

İşıq

Zəlimxan Yaqub

3

Mənim içərimdən boylanan işıq, Qəlbimdən süzülən, ruhumdan gələn, Məni sevənlərə paylanan işıq – Günəşdən əvvəldi, torpaqdan qədim, Çiçəkdən təzədi, yarpaqdan qədim, Haqqın dərgahından gələn işıqdı.

Mənim içərimdən boylanan işıq, Aydan maya tutub aylanan işıq, Baş verib buludun altından çıxan, Torpağın ən dərin qatından çıxan, Sevən ürəklərin odundan çıxan, Oğul dodağında oda çevrilən, Gözəl yanağında yanan işıqdı.

Mənim içərimdən boylanan işıq, Nazlanan, yazlanan, yaylanan işıq, Tutqun duyğuları gözdən itirən, Qayanın bağrında çiçək bitirən, Daşın sinəsini dələn işıqdı.

Mənim içərimdən boylanan işıq, Ulduzla, Günəşlə taylanan işıq. Qurd-quşdan başlamış böcəyə qədər, Toxumdan yarpağa, çiçəyə qədər, İblisə, şeytana, mələyə qədər, İnsandan başlamış fələyə qədər, Nurunu hamıyla bölən işıqdı. Mənimlə qalacaq mən öləndə də, Qəbrimin üstündə çiçək bitirən, Qəbrimin içində ürək bitirən, Nur olub qəbrimə dolan işıqdı.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.