Əsas məzmuna keç

Qəsidə

Irişdi vəqt ki, fəsli-xəzani-nahəmvar

Məhəmməd Füzuli

2

Irişdi vəqt ki, fəsli-xəzani-nahəmvar, Qıla xünək hərəkatın müzahimi-əşcar.

Sipahi-bəhmənü dey laləvü gül əsbabın, Hücum eyləyibən qarət eyləyə nə ki, var.

Çəmən zəriflərin rəncidəxatir eyləməgə, Nəsimdən ola zahir süluki-nahəmvar.

Həva müxalifətindən tapılmaya mütləq, Mizaci-namiyədə e’tidaldən asar.

Səba lətafət ilən gülşən içrə sair ikən, Bula zəmani-səba tək təğəyyüri-ətvar.

Açub təərrüz əlin zəmhərir gülzarə, Nə bərg qala bu qarətdə busitanda, nə bar.

Xoş ol ki, duta bu mövsimdə guşeyi-üzlət, Tərəddüd etməyə mütləq qərarə verə qərar.

Hüzurilən girə bir küncə ibtidayi-xəzan, Sürurilən çıxa bir bağə ibtidayi-bəhar.

Arada bilməyə baranü bərfü bad nədir, Yetirməyə əsəri-dövr xatirinə qübar.

Ona rəfiq həman bir kitab ola, bir saz, Ona nədim həmin bir qədəh ola, bir yar.

Mənəm bunun kimi əyyamda sərasimə, Əsiri-dami-bəlavü sitəm, qəribi-diyar.

Nə seyr qılmağa pərgartək tənimdə təvan, Nə nüqtətək bir aradə oturmağa yer var.

Həzar qəm mütəvəcceh mənə, bu həm bir qəm Ki, yoxdurur qəmi-dil zahir etməyə qəmxar.

Nə bir rəfiq ki, həmdərd olam məni-miskin, Nə bir təbib ki, dərdi-dil eyləyim izhar.

Xəzan içində qalan gül budağiyəm ki, həva Mənə şikəst verib qalmışam bürəhnəvü xar.

Kimi ki, dust dedim çıxdı düşməni-canım, Kimi ki, yar dedim oldu aqibət əğyar.

Bu fəqrilən ki, mənim rahətim durur müşkül, Bu halilən ki, mənim dirliyim durur düşvar,

Məgər mədəd qıla ol padişahi-kişvəri-elm Ki, elmidir qamu əşyayə vaqifi-əsrar.

Şəhi-səriri-Nəcəf, afitabi-övci-şərəf, Əliyyi-aliyi-ə’la, qəsimi-cənnətü nar.

Ümid var ki, bir şəmmeyi-inayət ilən, Mücəddədən verə lütfi təsəlliyi-məni-zar.

Rəayətimi rücü’ edə pak nütfəsinə, Yeganə Seyyidi-ərşasitanü kuhvüqar.

Məhi-sipehri-səyadət Kəmuneyi-sani Ki, surəti-Həqədir zati-paki ayinədar.

Büləndmərtəbəi kim, ülüvvi-qədrindən Hərimi-dərgəhinə Cəbrəil bulmaz bar.

Əya, büləndnəzər, mahi-afitabəsər Ki, rə’yi-pakin iləndir mürüri-dəhrə mədar!

Səfayi-məşrəbinə e’timad eyləyübən, Bir-iki nüktə bəyan eyliyim məni-əfgar.

Tənəffür eyləmə kim, bikəsəm məni-bikəs, Özümdür öz sözümü ərzə eyləyən naçar.

Şəha, mən istər idim bir zəvalsız sayə Kim, onda olmaya mütləq məzərrəti-əşrar.

Sənə yetirdi məni hadiyi-rəhi-təhqiq, Dedi: – Budur ki, dilərsən, itirməgil zinhar!

Bu gün ümid ilə bir ömrdür ki, dərgəhinə Buraxmışam səri-ixlasü sidq leylü nəhar.

Ümid var ki, ümmidim olmaya hirman, Ümid var ki, iqbalım olmaya idbar.

Cəmii-əhli-cahana bu nüktə rövşəndir Ki, müslüm əhli-səadətdirü şəqi küffar.

Təmami-zümreyi-islamə həm müqərrərdir Ki, cümlədən yey olur ali-Əhmədi-Muxtar.

Bu həm mühəqqəq olubdur cəmii sadatə Ki, sənsən Əhmədi-Muxtar nəslinə sərdar.

Dəlili-vazeh ilən vazeh oldu kim, sənsən Güzini-əhli-cahan, məlcəi-siğarü kübar.

Gərək ki, sən olasan cümleyi-cahana pənah, Gərək ki, sən olasan əhli-fəqrə istizhar.

Əgər təriqi-mürüvvət sənə həm olmasa rəsm, Həqiqətində vəfadan tapılmaya asar,

Əcəb yox eyləsəm ikrah əhli-iymandan, Cəmii-zümreyi-islamdan olub bizar,

Nəcəfdə bağlamayam Al xidmətinə kəmər, Gedib firəng diyarinə bağlayam zünnar.

Bəlalərin çəkübən dönməyib təriqindən, Dutub təriqi-süluki-mühacirü ənsar.

Məni təriqinə ixlasi-pakü sidqi-dürüst Çəkibdürür ki, sənə candan etmişəm iqrar.

Əgər günah isə ixlasim, eyləyim tövbə Və gər xəta isə sidqim, qılayım istiğfar.

Əgər qəbul və gər naqəbul, xidmətinə Özümü mən sanıram bir kəminə xidmətkar.

Əgər təriqeyi-xidmətdə qılmışam təqsir Və gər qapında tapıb bəhrə, etmişəm inkar,

Mənə həram ola rahət ki, tapmışam səndən Və gər nə xəsmə müvəkkil mühəymini-cəbbar.

Şəha, Füzuliyi-üftadə xaki-rahindir, Həmişə nəqdi-həyati sənin yolunda nisar.

Demə, ki, mülkə həvəs edə, yoxsa malə təmə’ Nə mülkü malə baxar dideyi-ülul-əbsar.

Əsiri-dami-bəladır və gər nə ziyvər üçün Təvəccöh etsə, degil ona dari-dünya dar.

Müdam ta fələki-tizgərd dairdir, Həmişə ta ki, tapar əmri-aləm istimrar,

Səni ki, cümleyi-aləmdə fərdi-kamilsən, Pənahi-əmnü əmanında saxlasın Səttar.

* * *

Lüğət: Əşcar – ağaclar; Sipah – qoşun; Bəhmən – qışın ikinci ayı, şəmsi ilinin XI ayı; Dey – qış mövsümü, şəmsi ilinin onuncu ayı; Mizaci – namiyyə – böyümək mizacı; Təğəyyür – başqalaşmaq, rəngini dəyişmək; acıq; Zəmhərir – qışın ən soyuq vaxtı; Bərg – yarpaq; Bar – yük; meyvə; dəfə; rəsmi qəbul; Üzlət – yalqız yaşamaq; Baran – yağış; Bərf – qar; Qübar – toz, kədər; Nədim – həmsöhbət, yoldaş; Sitəm – zülm – əziyyət; Qərib – yaxın; Həzar – min; bülbül; Dil – ürək; Xar – çox möhkəm daş, mərmər daşı; Düşvar – çətin; Kişvər – ölkə, məmləkət; Vaqif – xəbərdar; Əsrar – sirlər; Səriri – abi-rəvan – axar suyun səsi, şırıltısı; Afitabi – sübhi-məşhər – qiyamət səhərinin günəşi; Övci – hüsn – gözəlliyin yüksək zirvəsi; Zar – sızıldayan, ağlar, zəif; Məhi – asimani-həşəmət – əzəmət göylərinin ayı; Sipehr – göy, səma; Mahi – taban – parlaq ay; Nüktə – dərin mənalı söz; Əfgar – pərişan; yaralı; Tənəffür – nifrət etmək, iyrənmək; Sayə – kölgə; Hadiyi – rəhi-təhqiq – həqiqi yolun göstəricisi; Zinhar – saqın; Leyl – gecə; Hirman – məhrumiyyət; Əhli – raz – sirr əhli, sirdaş; Rövşən – işıqlı, aydın; Şəqi – pis hərəkətli; bədbəxt; Müqərrər – qərara alınmış; Ali – Əhmədi-Muxtar – Məhəmmədin (s.ə.s.) nəsli; Dəlili – zilləti-üsyandır təərrüzi-hal – vəziyyətə etiraz üsyan zəlilliyinə dəlildir; Vazeh – aşkar; Güzini – əhli-cəhan – dünya əhlinin seçilmişi H; Məlcəi – səğirü kibar – kiçiyin və böyüklərin sığınacağı; Təriqi – hüda – hidayət yolu, doğru yol; İkrah – iyrənmək; Zünnar – keşişlərin dini ayin zamanı bellərinə bağladıqları qurşaq; Təriq – yol; Ənsar – yardımçılar; Məhəmmədi Məkkədən Mədinəyə çağıran qəbilələrin böyüklərinə verilən ad; Kəminə – aciz, zəlil; Üftadə – yıxılmış, düşmüş; Xaki – tirə – qara torpaq; Təvəccöh – rəğbət göstərmək; Dari – bəqa – axirət evi; Dar – bina, ev; İstimrar – cəfaya dözmək; Fərd – tək; Səttar – örtən, Allahın adlarındandır

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.