İqrar verdim, dönmən ələst bəzmindən
İqrar verdim, dönmən ələst bəzmindən, Verdiyim iqrarı imandan aldım. Başqa seyran gördüm, kəndi özümdən, Bu məhəbbəti mən Mərdandan aldım.
Narü badü xakdan bilin xəlq oldum, Kəndi-kəndim ana rəhmində buldum, Müddət tamam oldu, dünyayə gəldim, Bu ibrətnümayi cahandan aldım.
Bildiyim unutdum, eylərəm fəryad, Dərdim budur: dil yox istəyəm imdad, Təkrar yenə tə’lim etdi bir ustad, Dərsimi məktəbi-ürfandan aldım.
Can gözü qəflətdən açıla düşdü, İkilik pərdəsi seçilə düşdü, Qüdrət xəzinəsi açıla düşdü, Cəvahiri kani-mərcandan aldım.
Bu bir gizli sirdir, hər can duyamaz, Əhli-eşqin qatarına uyamaz,
Dəgmə cöhərfüruş baha qoyamaz, Bu dürri-yektadır, ümmandan aldım.
Gəl düşünmə, ağla sığmaz bu elim, Qüdrət xəznəsinin miftahi dilim, Bir ulu dərgaha ulaşdı yolum, Bilməyən sanır ki, dükkandan aldım.
Ah edib utandım kəndi sözümdən, Məst olub türabə düşdüm özümdən, Qanlı yaş axıtdım iki gözümdən, Macərayi çeşmi-giryandan aldım.
Lüğət: Ələst – ilk gün, insanların ilk yaradılış günü; Kəndi – özü; Dil – ürək; Ürfan – mistika, bilik, Allahı anma; Dəgmə – təsadüfi, hər yetən; Dürr – inci; Yekta – yalnız, misilsiz; Dili – şeyda – vurğun ürək, sevən könül; Çeşmi – giryan – ağlar göz