İNSANIN XİLQƏTİ, HƏQİQİ VƏ MƏCAZİ EŞQ HAQQINDA
Ümməhatə oluban səbeyi-rəxşan şövhər, Çəkdilər rənclər iycadım üçün həft pədər. Həft aba mənə izhar elədi tərbiyətin, Etdi tövlid məni ta ki bu əsfəl madər. Dörd ana yeddi atadan üç oğul oldu əyan, Oldu bu üç oğulun əfzəli ənvai-bəşər, Əql istərdi mənə tərbiyət etsin, nagəh Eşq peyda oluban qıldı məni zirü zəbər. Saldı sövdayə məni rişteyi-kakil həvəsi, Qıldı aşüftəvü dərhəm məni zülfi-dilbər. İstər idim günü-gündən ola canım niku, Elədi eşq mənim canımı bəddən bədtər.
Müxtəsər, aşiq olan olmaz imiş dəhrdə şad, Bir zaman olmaz imiş dərdü bəladən azad.
Ey xoş ol dəm ki, mənim eşq ilə karım yox idi, Bimi-əğyar, könüldə qəmi-yarım yox idi. Gəlməmişdim hələ mən kətmi-ədəmdən birun, Vadiyi-eşqi-bəlaxizə güzarım yox idi. Eşqü aşiqlik işin bilməz idim aləm ara, Dili-bidərddə ənduhü qübarım yox idi. Xar-xarım yox idi bu güli-rənalər üçün, Fikri-novruz, qəmi-fəsli-baharım yox idi. Nəzərimdə yox idi cilveyi-hüsni-məhbub, Zərrəcə ayineyi-dildə qübarım yox idi. Qəflət etmişdi məni dami-bəladən fariğ – Ki, hərimi-hərəmi-qeyddə barım yox idi.
Rəşk asayişimə çərxi-cəfakar etdi, Dərd üçün ta ki ədəmdən məni izhar etdi.
Cani-aşüftə əsir oldu dili-şeydayə, Səri-sərgəştə giriftar qəmi-dünyayə, Daneyi-xalı görüb mürği-könül bənd oldu, Dami-giysuyi-büti-lalərüxi-zibayə. Oldu atəşgədeyi-qüssə dili-suzanım, Saldı kakil həvəsi başımı bir sövdayə. Şahidi-fitrəti-əsliyyəm açıb pərdəsini Rüxi-zibasını göstərdi məni-rüsvayə. Dilü canü tənə yalvardım, olar etmədi guş, Bir zaman etmədilər rəhm məni-şeydayə. Dilü canü tən olub maili-dünyayi-dəni. Saldılar aqibət aləmdə məni qovğayə.
Gördülər acizəm, onlar məni bəs xar etdi, Hər üçü silsileyi-zəbtə giriftar etdi.
İqtidayi-tənü canü dili-şeyda etdim. Özümü aşiq olub maili-dünya etdim. Dilü canü tənimə vermək üçün rahətlər, Rənclər çəkdimü əsbab mühəyya etdim. Mülki-aləmdə pərişanlığa əsbab oldu Mən ki, cəmiyyət üçün hər nə təmənna etdim. Aləmi-qüdsdə bir aqilü fərzanə ikən, Özümü aləmi-nasutdə rüsva etdim. Rahət idim, rəhi-təşvişü bəlanı tutdum, Əcəb asudə idim dəğdəğə peyda etdim. Hiç sövdə girəhi açmadı əhvalımdan, Aciz oldum dəxi tərki-hamı sövda etdim.
Eşq peyda oluban tutdu mənim damənimi, Yaxdı qeyrət oduna bu dilü canü tənimi.
Bir gülün eşqinə ta etdi giriftar məni, Saldı nagəh oda yandırdı əcəb nar məni. Gah göstərdi qədin, göglərə çıxdı ahım, Gah göstərdi gözün, eylədi bimar məni. Gecələr həsrəti-mahi-rüxi-zibası ilə, Dərd ilə sübhə kimi eylədi bidar məni. Gəh giriftar elədi könlümü tari-kakil, Gəh əsir eylədi ol türreyi-tərrar məni. Qətrə-qətrə cigərim qanı gözümdən gəlibən, Etdi rüsvayi-cahan dideyi-xunbar məni. Ah, ol simtənü sərvqədü laləüzar, Eylədi baği-məhəbbətdə belə xar məni.
Ah kim, xatiri dilşad olur azarımdan, Bir xəbər tutmadı əhvali-dili-zarımdam.
Ta giriftar degildim bu ədası yox idi. Dəmbədəm aşiqi-miskinə cəfası yox idi. Nərgisi-məsti mənə eylər idi mərdümlük, O qara gözlərinin bunca bəlası yox idi. Yad eylərdi məni, halımı eylərdi sual, Bu cəfası, bu ədası, bu həvası yox idi. Almamışdı rəvişi-cövrü cəfanı təlim, Cövr üçün xatirinin hiç rizası yox idi. Xütən ahusu kimi çeşmi olurdu mənə ram, Çini-giysulərinin səhvü xətası yox idi. Kəbeyi-kuyi mənim olmuş idi səcdəgəhim, Yarsız məclisimin zövqü səfası yox idi.
Lütfünün eyni-sitəm olduğunu bilməz idim, Qəsdinin möhnətü qəm olduğunu bilməz idim.
Ta ki seyd etdi məni, ruyini pinhan elədi, Bağrımı qönçə kimi möhnət ilə qan elədi. Məndən ülfət kəsibən baxdı rəqibin sözünə, Tiği-bidad çəkib qəsdi-dilü can elədi. Bir nigah ilə mən oldum gözünün bimarı, Məni dərd ilə qoyub özgəyə dərman elədi. Nə deyim mən ki, nələr qıldı mənə hicranı, Demək olmaz o cəfa kim, mənə hicran elədi. Könül ümmidi-vəfa ilə əsir olmuş idi, Cövr ilə xaneyi-ümmidimi viran elədi. Nə fəraqinə olur səbr, nə vəsli məqdur, Neyləyim, çarə nədir kim, məni heyran elədi.
Dün gecə təngə gəlib yar ilə göftar etdim, Ta ki fürsət tapıban dərdi-dil izhar etdim.
Dedim, ey canü könül xəsteyi-azari-qəmin, Xəm qılıb qamətimi bari-bəlavü sitəmin. Yoxdu bir dəm ki, sitəm görməyə səndən könlüm, Çəkirəm aləm ara mən sitəmi-dəmbədəmin. Netmişəm mən sənə, ey şah, müqəssirlərtək, Bağlayıb gərdənimi türreyi-pürpiçü xəmin. Nəzəri-mərhəmətin var idi əzzəldə mənə, Sürmə idi gözümə şövq ilə xaki-qədəmin. Nə günah etmişəm, ey sərvi-riyazi-cənnət – Ki, başımdan gedib ol sayeyi-lütfü kərəmin. Bundan artıq mənə sən etmə dəxi cövrü cəfa, Qalmayıb dildə dəxi taqəti-bari-ələmin.
Dedi: sən talibi-iksirsən, ey bisərü pa, Kim görübdür, görəsən sən də pərilərdə vəfa.
Hər kimi biz ki, məhəbbətdə giriftar edərik, Bağlarıq zülfə, günün möhnət ilə tar edərik. Nərgisi-məstimizə kimsə ki, olsa aşiq, Vermərik şərbəti-vəsli, onu bimar edərik. Güli-rüxsarımıza kimsə ki, olsa talib, Açmarıq üz ona, əlbəttə onu xar edərik. Görməz aləmdə bizim pərtövi-rüxsarımızı, Biz üzü şəmi-şəbi-məclisi-əğyar edərik. Allıq əldən bizə aşiq olanın iymanın, Bağlayıb zülfümüzü boynuna zünnar edərik. Alarıq könlünü baziçeyi-eşq ilə onun, Tutuban istəsə bizdən onu, inkar edərik.
Müxtəsər, aşiq olan dəhrdə yetməz kamə, Bəs gərək səbr eləyə dərdü qəmi-əyyamə.
Dedim: ey ruhi-rəvan, eyləmə bunca məni zar, Xoş degildir bu qədər kim, edəsən cövr şüar. Gözümün mərdümünü eyləmə xunabəyə qərq, Nə rəvadır olasan mərdümi-mərdümazar. Nəxli-cövr əkmə ki, verməz səməri-xub sənə, Rəhm qıl ta ki cahanda olasan bərxurdar. Düri-guş eyləmə əğyari-müxalif sözünü, Eyləmə ülfəti-yarani-müvafiqdən ar. Bu qədər, mahrüxüm, hüsnüvə olma qürrə, Tez yetər hüsnüvə aləmdə zəvali-şəbi-tar. Xət gəlib ayineyi-hüsnüvü eylər tirə, Surətin məhv olu, qalmaz bu səfadən asar.
Tapar afaqdə təğyir güli-rüxsarın, Atəşin dud qılar, sərd olur bazarın.
Həvəsi-türreyi-tərrarüvi etməz bir kəs, Meyli-nəzzareyi-rüxsarüvi etməz bir kəs. Kami-üşşaqə ləbindən tökəsən şəkkər əgər, Həvəsi-ləli-şəkərbarüvi etməz bir kəs. Qapuvi səcdəgəh etməz dəxi ərbabi-nəzər, Tövf, Kəbə kimi divarüvi etməz bir kəs. Kəbktək naz ilə hərçənd xüram eyləyəsən, Arizu şiveyi-rəftarüvi etməz bir kəs. Hər kəsin yanına getsən, çəki səndən üzünü – Ki, tələb nərgisi-bimarüvi etməz bir kəs. Bir kəsi görməsən aşüftə, pərişanxatir, Arizü zülfi-siyəhtarüvi etməz bir kəs.
O sifət olma o gündə ki, xəcalət çəkəsən, Eşidib tənələri bari-məlalət çəkəsən.
Etmədi pəndlərim ol büti-səngindilə kar, Qılmadı rəhm mənə, eylədi azarı şüar. Etmədi tərki-cəfa, gözləmədi rahi-vəfa, Eylədi bu dili pürxunuma hərdəm azar. Heyrəti-zülfü rüxilə o büti-kafərkiş Ağladıb dideyi-pürxunumu hər leylü nəhar. Cigərim daş degildi o büti-kafərtək, Etmədim tab cəfayə, səfər etdim naçar. Rənc ilə bir neçə il möhnəti-qürbət çəkdim, Könlümü qan elədi həsrəti-didari-nigar. Etdi hər xarə özün ol güli-rəna həmdəm, Qıldı hər xarı sərəfraz, məni eylədi xar.
Yadə düşdükcə o gül eylər idim əfqanı, Gözlərimdən tökülürdü cigərimin qanı.
Mülki-qürbətdə mənə olmadı bir rah güşad, Bəlkə yadilə qəmi-eşq dəxi oldu ziyad, Ağlayırdım, aparırdı məni seyli-möhnət, Ah edərdim dağıda xirməni-aramımı bad. Gərçi çıxmazdı o gülçöhrə mənim yadımdan, Gördüm ol səngdil etməz məni peyğam ilə yad. Genə bisəbrlik aramımı aldı əldən, Arizuyi-vətəni eylədi qəlbi-naşad. Bağladım rəxti-səfər ta ki yetişdim vətənə, Görüb əhbabları, qüssədən oldum azad. Çün yetişdim vətənə əzmi-təmaşa qıldım O güli-alə ki, etmişdi mənə çox bidad.
Gördüm ol səbzeyi-biganə gülüstanı tutub, Xətti-reyhanı gəlib səfheyi-quranı tutub.
Səbzələr pərdeyi-hüsni-güli-rüxsarı olub, Xarlər rahzəni-səfheyi-gülzarı olub, Tərk edib talib olanlar Ərəfati-kuyin, Dəxi mətruk o gülün Kəbeyi-didarı olub. Tərk edib aşiq olanlar həvəsi-didarın, Özü aşiqlərin, ol şux, tələbkarı olub. Müntəzirlər hamı ondan eləyib qəti-nəzər, Mötəqidlər hamısı münkiri-ətvarı olub. Dəxi sərməst degil badeyi-qəflətdən o gül, Ayılıb, huşə gəlib, dərd xəbərdarı olub. Bir gədatək ki, özün xabdə sultan görmüş, Göz açıb vaqiənin, heyf ki, bidarı olub.
Atəşi-həsrət onun könlünə çəkmiş yüz dağ, Dağılıb rövnəqi-cəmiyyəti, aşüftə dimağ.
Suzişi-daği-dilim oldu çü ol xətdən kəm, Bitəkəllüf xəti daği-dilə oldu mərhəm. Əndək-əndək azalıb sinədə suzi-eşqim, Rəftə-rəftə dili-qəmpərvərim oldu xürrəm. Gərçi ol şiftəhal oldu pərişanxatir, Leyk canım olub asudə, dil oldu biğəm. Dil ki, məhrum idi eyşü tərəbi-aləmdən, Ta hərimi-hərəmi-işrətə oldu məhrəm. Canü tən olmuş idi zövqi-cahandan qafil, Tazədən oldula məşğuli-səfayi-aləm. Ələmi-işrətini könlüm ucaltdı fələkə, Yetdi əflakə başım, rəf olub dərdü ələm.
Çünki biğəm özümü, ol gülü qəmgin gördüm, Etmədim səbr, gedib yanına halın sordum.
Dedim: ol səndə olan şiveyi-rəftar hanı, Ləbi-şirin hanı, ol ləzzəti-göftar hanı? Salikani-rəhi-sövdaların aya nə olub, Eşqbazani-diləfkarü giriftar hanı? Bənddə yoxdu əsirani-diləfkarlərin, Paybəndani-səri-türreyi-tərrar hanı? Ləblərindən niyə sərməst degil zövq əhli, Meyi-keyfiyyəti-ol ləli-şəkərbar hanı? Dedi: Seyyid, nə vurarsan mənə hərdəm tənə, De görüm, səndə olan dideyi-xunbar hanı? Naxüni-qəmlə nədən eyləməsən sinə xəraş, Dili-sövdazədəvü sineyi-əfkar hanı?
Surəti-faniyə sən könlünü vermə, zinhar, Gər bəqa talibisən məniyə ol bərxurdar.
Etdi ol gül məni bu badeyi-göftar ilə məst, Sındırıb bütlərimi çəkdim əlayiqdən dəst. Kəbeyi-könlümü etdim dəxi bütlərdən pak, Yədi-qüdrətlə edib Lat ilə Üzzanı şikəst. Keçibən eşqi-məcazini həqiqət tapdım, Üzülüb zindeyi-cavid ilə oldu peyvəst. Var ümidim ki, məni salmaz ayaqə gərdun, Verdi məşuqi-əzəl çünki mənim dəstimə dəst. Can məşaminə gəlib eşqi-həqiqət buyi, Ta dilü canım olub talibi-peymani-ələst. Dilə nəqş eylədim ol xaliqi-davər eşqin – Ki, məni dəhrdə nabud ikən, ol eylədi həst.
Üzvi-üzvümdən olur aləmə sadir bu səda: «La şərikə ləhü fil-mülki və rəbbi əhəda».