Əsas məzmuna keç

Qoşma

İnsanın ürəyi gözəl olanda

Zəlimxan Yaqub

1

Qış yaza çevrilir, qar çiçək açır, İnsanın ürəyi gözəl olanda. Dünya gözəlləşir başdan-ayağa, İnsanın ürəyi gözəl olanda.

Dəli küləkləri mehə döndərir, Buludu gül üstə şehə döndərir, Qulu da qaldırıb şaha döndərir, İnsanın ürəyi gözəl olanda.

Kasıb yuvanı da gözəlləşdirər, Çirkli havanı da gözəlləşdirər, Vəhşi heyvanı da gözəlləşdirər, İnsanın ürəyi gözəl olanda.

Səhrada gül əkir, orman düzəldir, Dən səpir, dən biçir, xırman düzəldir. Dərdlərə min cürə dərman düzəldir, İnsanın ürəyi gözəl olanda.

Sevgidən savayı bir dini yoxdu, Qanda bir nifrəti, bir kini yoxdu. Gözündə heç nəyin çirkini yoxdu, İnsanın ürəyi gözəl olanda.

İşıq da gözəldi, bulud da gözəl, Nəğmə də gözəldi, sükut da gözəl. Beşik də gözəldi, tabut da gözəl, İnsanın ürəyi gözəl olanda.

2009, 25 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.