Əsas məzmuna keç

Qoşma

İnsan – dünya

Zəlimxan Yaqub

1

Çiçəyəm, meyvəyəm, kökəm, budağam, Nuram, qığılcımam, odam, ocağam. Atəşəm, Günəşəm, suyam, torpağam, Cəhənnəm də məndə, cənnət də məndə.

Taleyəm, qismətəm, baxtam, ömürəm, İstiyəm, tüstüyəm, közəm, kömürəm. Qızılam, gümüşəm, daşam, dəmirəm, Xəzinə də məndədi, sərvət də məndə.

Otağam, sarayam, daxmayam, damam, Sevincəm, kədərəm, eşqəm, ilhamam. Körpəyəm, qocayam, bişmişəm, xamam, Sevgi də məndədi, nifrət də məndə.

Sürgünəm, zindanam, qışam, Sibirəm, Dözüməm, inamam, dərdəm, səbirəm. Beşiyəm, məzaram, evəm, qəbirəm, Görüş də məndədi, həsrət də məndə.

Sünbüləm, zəmiyəm, dənəm, xırmanam, Xəstəyəm, həkiməm, dərdəm, dərmanam. Möhürəm, imzayam, qolam, fərmanam, Millət də məndədi, dövlət də məndə.

2006, 30 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.