İnsan anlamır ki...
Yazıq ürəyimi yaman yormuşam, Qəlbin nə günahı, günah məndədi. Zəlimxan hardadı – deyən olanda, Bir gün deyirdilər dağlar başında, Bir gün deyirdilər göy çəməndədi.
Elə görürdün ki, səmti, səfəri Bir gün şəhərədi, bir gün kəndədi. Təbiət dəlisi, dağ ölüsüydü, Nə zaman görəndə elə bilirdin Ayağı şehdədi, başı çəndədi.
İşarə verirdi hərdənbir mənə: “Bax, məni qınama yollarda qalsan, Taqsır məndə deyil, taqsır səndədi”. Sanırdım dünyanın dərdi, bəlası Məndən uzaqdadı, məndən gendədi.
İnsan anlamır ki, vaxtın hökmü var, Gözünü açanda qaynar həyatda, Gözünü yumanda bez kəfəndədi.
Almaniya, Münster şəhəri, 2008, 14 mart