İnsan
İnsan həkim olur, Karın qulağını, Korun gözünü, Lalın dilini açanda! Qəlbinin sevgisini xəstələr pay verib, Gözünün işığını könüllərə saçanda! İnsan şair olur, Bir körpə təmizliyi, Bir uşaq marağıyla, Dünyaya vurulanda! Bakirə duyğuları Dağın çeşməsi kimi axanda, durulanda! İnsan rəssam olur: Dünyanın rənglərini duyğulara çevirib, Qəlbindən keçirəndə! Yeri, göyü, həyatı, Hüdudsuz Kainatı Təbiətdən götürüb kətana köçürəndə! İnsan bəstəkar olur: Yaratdığı nəğmələr Haqqın sədası kimi ürəklərə hopanda! İnsan peyğəmbər olur: Yer üzündə nə varsa, Hamısını düşünüb, hamısını ananda! Allahla danışmağın Yolunu öyrənəndə, haqqını qazananda! Bəstəkar olanda, həkim olanda, Peyğəmbər olanda, şair olanda, Gözdə işıq, canda təpər, damarda qan olur. İnsan qalxır insanlığın fövqünə, Əsl insan olur! İnsansız axşam düşüb, İnsansız sabah olmur. Deyirəm öz-özümə: İnsanda ki bu güc var, Nə yaxşı bu hünərlə çevrilib Allah olmur!!!