Əsas məzmuna keç

Qoşma

İnanıram qələmə

Zəlimxan Yaqub

2

Qələm silah, masa səngər, mən əsgər, İnanmışam, inanıram qələmə. Əsgər olan məsləkinə and içər, İnanmışam, inanıram qələmə.

Başımdakı fikir onun, çən onun, Saçımdakı təzə düşən dən onun, Ömrüm boyu o mənimdir, mən onun, İnanmışam, inanıram qələmə.

Dosta məktub, yara yazı – taleyim, Ağ kağızda qara yazı – taleyim. Bu yolların qar-ayazı – taleyim, İnanmışam, inanıram qələmə.

Əkinçiyəm, əllərimi öpər o, Toxumunu varaqlara səpər o, Güvəndiyim qüvvət odur, təpər o, İnanmışam, inanıram qələmə.

Xəbər verər aqilindən, pirindən, Yazar xalqın taleyini dərindən, Xətaini qaldıracaq yerindən, İnanmışam, inanıram qələmə.

Çox suala ləngiyibdi cavabım, Tarix ilə çoxdu haqqım, hesabım. Yazılacaq neçə-neçə kitabım, İnanmışam, inanıram qələmə.

O halaldı, haramlığı götürməz, Şah budaqdı, cır meyvələr gətirməz. Ölənədək zəhmətimi itirməz, İnanmışam, inanıram qələmə.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.