Əsas məzmuna keç

Heca şeiri

İnanıram həqiqətin təntənəsinə

Zəlimxan Yaqub

2

Bir məzara toxunarsan, ölü dillənər, Bir adamı yandırarsan, külü dillənər, Bir oğulu susdurarsan, eli dillənər, İnanmıram bircə kəsdən qorxa, pəsinə, İnanıram həqiqətin təntənəsinə!

Ordusunda alay-alay qoşun olsa da, Qoşununda od yağdıran qurşun olsa da, Hər qurşunu bir alıcı quşun olsa da, Şərin səsi çata bilməz haqqın səsinə, İnanıram həqiqətin təntənəsinə!

Günahkara günahını tanıtmalıdır, Kəsərini, silahını tanıtmalıdır, Allahsıza Allahını tanıtmalıdır, Diz çökdürüb dinsizləri gətirər dizə, İnanıram həqiqətin təntənəsinə!

Günah cilov tutandadır, cilovda deyil, Günah tilov tutandadır, tilovda deyil, Günah alov vurandadır, alovda deyil, Düşmən nöqtə qoymasa da nifrətə, kinə, İnanıram həqiqətin təntənəsinə!

Ürəklərdə gah bəm dinər, gah zil oxuyar, Baxışlarda dərd dil açar, nisgil oxuyar, Nahaq qanın hər damlası bir dil oxuyar, Tanrı onu bağışlamaz bircə kəsinə, İnanıram həqiqətin təntənəsinə!

Mən sabahı dumanlı yox, təmiz görürəm, Mən sevgimi bir damla yox, dəniz görürəm, Mən xalqımı əzizlərdən əziz görürəm, Coşur ürək, yaşayır göz, qabarır sinə, İnanıram həqiqətin təntənəsinə!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.