İmtahan
Ürək, böyrək, baş, bədən səni sınağa çəkdi, Bu gün qan sınağıdı, qana da imtahan ver. Ruh tələb edir – yaşa, can tələb – edir gedək, Ruhdan icazə istə, cana da imtahan ver.
Əcəl çox hay-küy salıb yaxasını cırmasın, Dinən şair qəlbidi, o telləri qırmasın. Ölümün sualları qoy səni çaşdırmasın, İncik salma özündən, ona da imtahan ver.
Şah damarı dağıdıb axan qanda nə tapdı, Dərd içində qovrulub yanan canda nə tapdı. Nə itirmişdi dünya, Zəlimxanda nə tapdı, Əvvələ də cavab ver, sona da imtahan ver.
2011, 20 may Almaniya, Hannover