Əsas məzmuna keç

Heca şeiri

İman gətirin

Zəlimxan Yaqub

2

Qəlbinin nurudu hər odlu baxış, Gözünün yaşıdı hər yağan yağış. Nə onun ömrünə qar-boranlı qış, Nə onun gözünə duman gətirin, Şair varlığına iman gətirin!

Haqqın vergisidi, xalqın səsidi, Bircə xoş təbəssüm onun bəsidi. Çiçək ölüsüdü, gül dəlisidi, Dərdinə dağlardan dərman gətirin, Şair varlığına iman gətirin!

Dostudu böcək də, quş da, arı da, Dağın çiçəyi də, bağın barı da. Nə onun ömrünü kəsin yarıda, Nə onun qətlinə fərman gətirin, Şair varlığına iman gətirin!

Qoy dəli Kür olsun, qoy Araz olsun, Görüşü ən şirin bir muraz olsun. Ruhunu oynadan telli saz olsun, Qəlbini dindirən kaman gətirin, Şair varlığına iman gətirin!

Demirəm Adəmdən, Nuhdan ucadı, Çəkdiyi ağrıdan, ahdan ucadı. Allahdan aşağı, şahdan ucadı, Onu dərk etməyə insan gətirin, Şair varlığına iman gətirin!

İnanın əbədi nur olmağına, Daşqın çaylar kimi gur olmağına. Siz onun əbədi var olmağına, Nə şübhə, nə də ki, güman gətirin, Şair nəfəsində Tanrı hökmü var, Şair varlığına iman gətirin!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.