Əsas məzmuna keç

Heca şeiri

İlk qafiyələr

Zəlimxan Yaqub

1
Anamın dediyinə görə, 5 yaşımda ilk dəfə dilimdən çıxan qafiyələr bunlar olub: “Evimizin dalı arpa-arpa, atlar gəlir qarpa-qarpa”.

Həmsöhbət olarmış Allahla bəndə, Ömrün yaddaşında nələr var, nələr. Görəsən ilk dəfə dilə gələndə, Nəyə işarəymiş bu qafiyələr?

Nə zaman qəlbimə salıb bu səsi, Arpa bərəkətmiş, at muradıymış. Bəlkə də Tanrının ilk qafiyəsi Körpə ürəyimdə dinən sazıymış.

Mənim şeiriyyətim ərəndən, ərdən, Oğuzdan, qopuzdan gələn sirr idi. Anam zarafatla deyirdi hərdən: “Beş yaşı olanda o şair idi”.

Yatmışam yalına ilk qafiyəmin, Onu ağ at kimi çapıram indi. Büküb dizlərini həsrətin, qəmin, Dirilik suyunu tapıram indi.

Zaman qiymətini endirməz heçə, Dirilik suyunun adı şeirdi. Yüz illər dolana, min illər keçə, Yenə ruhumuzun dadı şeirdi.

Peyğəmbər dilindən nur yağa-yağa, İşığa çevrilib, nura bələnmiş. Quran qafiyədi başdan-ayağa, Söz-söz, kəlmə-kəlmə qafiyələnmiş.

Qoşulub gedərəm köçün birinə, Yoxdu ehtiyacım sərvətə, zərə. Mən köçüb gedəndə kəfən yerinə, Məni bükərsiniz qafiyələrə.

2005, 18 iyul Kislovodsk

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.