Əsas məzmuna keç

Heca şeiri

İlk andımız, son andımız Turandı

Zəlimxan Yaqub

1

Təntiməyin, tələsməyin, çaşmayın, Yerli-yersiz həddinizi aşmayın, Qazan gəlib qaynamamış daşmayın, Yoldaşımız səbir, dözüm olacaq, Bugün-sabah dünya bizim olacaq.

Vaxt Təbrizin, dünya Ərkin dünyası, Yol Tanrının, haqqı dərkin dünyası, Əvvəl-axır dünya Türkün dünyası, Üç gün, beş gün gecim-tezim olacaq, Bugün-sabah dünya bizim olacaq.

Şəhid verin, qurban verin, can verin, Cansızlara şah damardan qan verin, Gəmi kimi sahillərə yan verin, Müjdəçilər düzüm-düzüm olacaq, Bugün-sabah dünya bizim olacaq.

Düşmən məni düz düşünməz, çaş anlar, Haqq sözümü qaya duyar, daş anlar. Qayıdacaq Çin səddini aşanlar, Tarixlərə təzə sözüm olacaq, Bugün-sabah dünya bizim olacaq.

Keçidlərdə ocağımız səngidi, Yoxuşlarda nəfəsimiz təngidi, Tarix bir az haqq sözündə ləngidi, Həqiqətlər çözüm-çözüm olacaq, Bugün-sabah dünya bizim olacaq.

Yeni düzən, yeni mizan qurandı, İlk andımız, son andımız Turandı, Soraq verən peyğəmbərdi, Qurandı, Nə yozulsa xeyrə yozum olacaq, Bugün-sabah dünya bizim olacaq.

Qovuşacaq bölünənlər, bölgələr, Nurlanacaq qaranlıqlar, kölgələr, Diriləcək Oğuzxanlar, Bilgələr. Türkə səcdə, Türkə təzim olacaq, Bugün-sabah dünya bizim olacaq.

2004, 6 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.