Əsas məzmuna keç

Heca şeiri

İlisu

Zəlimxan Yaqub

1

Eşitmişdim, görməmişdim üzünü, Salam olsun dərgahına, İLİSU! Ürəyim od içində yananda Sərinlətdi dodağı su, dili su, Salam olsun dərgahına, İLİSU!

Cənnət bildim, könül verdim kəndinə, Dağlarında dinə gəldim, mən dinə. Bahar vaxtı çaylar sığmaz bəndinə, Payız vaxtı ağıllanar dəli su, Salam olsun dərgahına, İLİSU!

Sərt qayalar kəsə bilməz önümü, Sənə sarı çevirmişəm yönümü. Ömrə yazdım səndən keçən günümü, Gözlərimin işığı su, ləli su, Salam olsun dərgahına, İLİSU!

Dağ kəndinin işi daşdan keçərmiş, Dağ yolunda igid başdan keçərmiş. Dağ yolların Sarıbaşdan keçərmiş, Sənə sarı uzanarmış əli, su, Salam olsun dərgahına, İLİSU!

Dövrəsinə yığar oğul-uşağı, “Səngər bulaq” “Beşbulaq”dan aşağı. Dada çatar gözəllərin qurşağı, Mis səhənglər incidəndə beli, su, Salam olsun dərgahına, İLİSU!

Zəlimxan da bu gün belə köklənib, Coşan suya, açan selə köklənib. “Ruhani”yə, “Sarıtel”ə köklənib, Ürəyimin damarı su, teli su, Salam olsun dərgahına, İLİSU!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.