İlham
İlham bir ağacdı, şairin halı Od olar, köz olar, qor ola bilər. İlham bir bulaqdı halal mayalı, Haram əl toxunsa, kor ola bilər.
İlham bir uşaqdır, təmiz, müqəddəs, Nə versən ağlını kəsdirmək olar. Qaynadar eşqini qaynar bir nəfəs, Soyuq bir baxışla küsdürmək olar.
İlham bir budaqdı, barlı-bəhrəli, Çox əymək istəsən sınar, dayanmaz. İlham bir yarpaqdı qızılı zərli, Yanağı od alıb yanar, dayanmaz.
İlham bir torpaqdı, öz ətri, iyi, Dediyin neməti yetirə bilər. Min ildə zamanın bitirmədiyi, Minillik bir şöhrət bitirə bilər.
1975, 30 dekabr